Məsum rəhbərlərin (ə) dilində dünyanın məzəmmət olunmasının səbəbi insanın dünyaya əsirliyi, nəticədə axirətin inkarı ola bilər.
Başqa sözlə, dünya ona görə qınanır və pislənir ki, dünya məhəbbəti insanın axirətdən xəbərsizliyinə səbəb olur. Dünyanın aldadıcı şirinlikləri insanın bütün vücudunu öz təsiri altına salır, insan bu şirinliklərin arxasınca yüyürməyə başlayır.
Amma axirət həyatı hiss üzvləri ilə duyulmadığından bir qədər diqqətdən kənarda qalır. Ona görə də, məsum rəhbərlər dünyanı məzəmmət edir, insanları dünya şirinliyinə aldanıb, axirətdən xəbərsiz qalmamağa çağırırlar.
Hiss üzvləri ilə duyulmayan axirətin diqqətdən kənarda qalmasında təbiilik var. Axirətə diqqətli olanlar isə, ya əqli dəlillərə əsaslanır, ya Peyğəmbər və İmamların buyruqlarına istinad edirlər.
Bu məlumatlar isə zahirpərəst insanlara çox az təsir göstərir. Amma dünya mənzərələri insanı bir anda özünə cəzb edir. Axirət həyatına əksər müsəlmanlar şübhə etməsələr də, bu mərifət, bu inam hər gün təzələnmədiyindən diri olmur.
İnsanlar bu məsələni əməli şəkildə çox az xatırlayır, elə düşünürlər ki, bu üç-beş günlük dünya daha əhəmiyyətlidir. Bir növ unudulur ki, əsas məqsəd axirət dünyasıdır. Bu həqiqəti fasiləsiz olaraq xatırlayan yalnız Allahın peyğəmbərləri və övliyalarıdır.
Ona görə də, adi insanlara bu məsələ tez-tez xatırladılmalıdır. Onlar gecə-gündüz əldə etməyə çalışdıqları dünya şirinliklərinin qısa bir müddətdən sonra əldən çıxacağını bilməlidirlər. Məhz qeyd olunan məsələlər səbəbindən Qurani-Kərimdə, "Nəhcül-bəlağə"də və məsum rəhbərlərin buyruqlarında dünya bir bu qədər məzəmmət olunur. Qurani-Kərimdə buyurulur:
وَ ما هذِهِ الْحَيوةُ الدُّنْيا اِلاّ لَهْوٌ وَ لَعِبٌ وَ اِنَّ الدَّارَ الاَْخِرَةَ لَهِىَ الْحَيْوَانُ لَوْكانُوا يَعْلَمُون
"Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Ey kaş biləydilər!" ("Ənkəbut" surəsi, ayə 62.)
وَمَاالْحَياةُ الدُّنْيا اِلاَّمَتاعُ الْغُروُر
"Dünya həyatı aldadıcı həzz və əyləncədən başqa bir şey deyil." ("Ali-İmran" surəsi, ayə 185.)
اِنَّ الَّذينَ لا يَرْجُونَ لِقاءَنا وَ رَضُوا بِالْحَياةِ الدُّنْيا وَ اطْمَأَنُّوا بِها وَالَّذينَ هُمُ عَنْ آياتِنا غافِلوُنَ. اُولئِكَ مَأْوئِهُمُ النّارَ بِمَا كانوُا يَكْسِبُون
"Bizimlə qarşılaşacaqlarına ümid etməyən, dünyanı bəyənib ona bağlanan və ayələrimizdən qafil olanların - məhz qazandıqları günahlara görə düşəcəkləri yer cəhənnəmdir." ("Yunus" surəsi, ayə 7-8.)
Müttəqilərin ağası imam Əli (ə) necə də gözəl buyurur:
مَثَلُ الدُّنْيَا كَمَثَلِ الْحَيَّةِ لَيِّنٌ مَسُّهَا وَ السُّمُّ النَّاقِعُ فِي جَوْفِهَا يَهْوِي إِلَيْهَا الْغِرُّ الْجَاهِلُ وَ يَحْذَرُهَا ذُو اللُّبِّ الْعَاقِلُ؛
"Dünyanın misalı əl vuranda yumşaq, qarnında isə öldürücü zəhər olan ilan kimidir. Aldanmış nadan ona tərəf gedir, uzaqgörən ağıllı isə ondan uzaqlaşır." ("Nəhcül-bəlağə", qısa kəlamlar 115.)
İmam Kazim (ə) də buna bənzər bir ibarədə belə buyurur:
مَثَلُ الدّنيا مَثَلُ الْحَيَّةِ، مَسُّها لَيِّنٌ وَ فى جَوْفِهَا السَّمُّ الْقاتِلِ، يَحْذَرُهَا الرِّجالُ ذَوِى الْعُقُولِ وَ يَهْوى اِلَيْهَاالصِّبْيانُ بِأيْديهِم
"Dünya zahiri yumşaq, batini isə öldürücü zəhərə sahib ilana bənzəyir ki, ağıllı insan özünü ondan qoruyur, uşaq (uşaqxislətli insan) isə, özünü onun üstünə atır." ("Tuhəful-uqul", səh.292.)
Bəli, dünya aldadıcı və cazibədar, axirət isə hiss üzvlərinin təsir dairəsindən kənardır. Dünya daim göz qabağında, axirət isə düşüncə arxasındadır.
İmam Əli (ə) buyurur:
وَ اِيّاكَ اَنْ تَغْتَرَّ بِما تَرَى مِنْ إِخْلادِ أَهْلِها وَ تَكالُبِهِمْ عَلَيْها وَ قَدْ نَبَّأَكَ اللَّهُ جَلَّ جَلالُهُ عَنْها وَ نَعَتْ اِلَيْكَ نَفْسَهَا وَ تَكَشَّفَتْ لَكَ عَنْ مَساوِيها...
"Məbada, dünyaya könül verən, dünya üstə bir-birinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdırsın. Çünki Allah səni dünyadan xəbərdar etmiş, dünya öz necəliyini sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni qaldırmışdır." ("Nəhcül-bəlağə", xütbə 156.)
Demək, dünya insanı son məqsəddən qəflətdə saxladığı üçün insana nələrisə daim xatırlatmağa ehtiyac duyulur. Elə buna görə də, Əmirəlmöminin Əli (ə) imam Həsənə (ə) vəsiyyət edərkən tez-tez axirət səfərindən, onun əhəmiyyətindən söz açır. Həzrət buyurur:
وَاعْلَمْ يا بُنَىَّ اَنَّ أَمامَكَ طَريِقاً ذا مَسافَة بَعيِدَة، وَ أَهْوال شَديدَة،
"Bil ki, qarşında uzun yolun, üzücü əziyyətin var.." ("Nəhcül-bəlağə", məktub 31.)
Həzrət qarşıdakı yolun təhlükəsindən xəbər verir. Bütün bu təkrarların səbəbi insanın qəlbindəki qəfləti aradan qaldırmaq, onu dünya füsunkarlığından, laylasındakı yuxudan oyatmaqdır.