Bu gecə gəlmişdin röyama qonaq,
Göründün gözümə yaman narahat.
Oyandım yerimdən qəflətən o an,
Divarda rəsmini gördüm o saat...
Bir ömür bilərək mən qiymətini,
Adını qəlbimdə saxlayacağam.
Bir zaman ağlıma gəlməzdi belə,
Məzarın üstündə ağlayacağam.
Ağappaq saçına düşən dənləri,
Özüm oxşayardım sənin hər axşam.
Anamtək qoynunda yatırtdın məni,
İndi sənsizliyə düçar olmuşam..
Sən hey danışardın xatirələrdən,
O incə səsinə möhtacam, baba.
Evin bircə yanan çırağı idin,
Sənsiz evimizi isitmir soba...
Bu gün sən məzarda olsan da belə,
İncə varlığını hey duyacağam.
Axı nə biləydim bir vaxt gələcək,
Qəbrinin üstünə gül qoyacağam...
Sənsiz bu ürəyi dərd-qəm bürüyüb,
Söyləyim ürəyin dərdini kimə?
İndi evimizdə boş qalıb yerin,
Yoxluğun nə yaman çətinmiş demə...