İmam Əli (ə) nəql edir ki, Allah bəndələrinin haqqından keçmir. Allah buyurur: "İzzət və Cəlalıma and olsun ki, heç bir zalım zülmünə görə Məndən (hesabsız) keçməyəcəkdir. Hərçənd əl (nahaq yerə) başqa bir ələ dəyərsə belə. Hətta buynuzlu heyvanın buynuzsuz heyvana vurduğu zərər belə".
Haqqun-nas bir çoxlarımız üçün tanış kəlmədir. Yəni, insanların haqqı. Və Allah bəzən bu haqqı Öz haqqından üstün hesab edir.
İmam Əli (ə) bu haqda buyurur: "Allah insanların haqqını Öz haqqından əvvəl qərar vermişdir. Hər kim bəndələrin haqqına riayət edər, İlahi haqqa da riayət edəcəkdir".
Bəs bu haqqun-nas nədir ki, hətta Allahın haqqından belə üstün hesab edilir? Haqqun-nasın növləri vardır:
Maddi haqqun-nas. İnsanlardan aldığımız borc və ya zay etdiyimiz mal və ya öz malımızı icazəsi olmadan başqalarının malına daxil etməyimiz kimi.
Abır haqqı. Nə zaman kiminsə qeybətini edərik, onun abrını aparmış olarıq.
Bəli, ən ağrılı əzab haqqun-nas günahına görə olacaqdır. Biz bəzən heç bilmədiyimiz halda çox sayda haqqun-nas günahı işlədirik.
Belə ki, məktəbdə oxuyan zaman bəzilərimiz partaları yazmağı sevirdilər və bu işin haqqun-nas olduğunu bilmirdilər. Ümumi mala vurduğumuz hər bir ziyan - haqqun-nasdır.
Bəzən iş yerində lazımsız yerə kompyuterin açıq qalması və ya lazımsız halda işıqların yanması da haqqun-nasa aiddir. Bu əməlimizlə bilmirik ki, Qiyamət günü minlərlə insanı razı salmalıyıq.
Başqalarının diqqətini cəlb etmək üçün bəzən elə paltarlar geyinirlər ki, başqalarına necə əziyyət verdiklərindən qafil olurlar. Bəziləri üçün mühüm deyildir ki, başqaları buna görə əziyyət çəkir, yoxsa yox. Axı bütün subaylar evlənə bilmir, lakin bu bəziləri üçün mühüm deyildir.
Yuxarıdakı hədisdə oxuduğumuz kimi, hətta bir əlin nahaq yerə başqasına dəyməsi belə haqqun-nasdır. Halbuki, bir çoxlarımız ümumi nəqliyyat vasitələrində mobil telefonlarla yüksək səslə danışır və ya musiqi səslərini yüksək səslə qoyub, insanlara əziyyət veririk.
Həzrət Peyğəmbər (s) buyurur: "Allah mənə vəyh etmişdir ki, öz ümmətinə de: "Mənim evimə o halda daxil olmasınlar ki, boyunlarında bəndələrimin haqqı olsun. Onlara lənət edərəm"".
İmam Hüseyn (ə) Aşura gecəsi tərəfdaşlarına buyurur: "Hər kimin insanlara borcu varsa, bizimlə qalmasın və qayıtsın".
Yəni, borc və haqqun-nas şəhadət tofiqini və aqibətin xeyirli olmasını insandan alar.
Allah Təala bizləri haqqun-nasdan azad olanlardan qərar versin.