"Onlara: "Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!" - deyildikdə, kafirlər iman gətirənlərə: "Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?" - deyərlər (Allah onun ac qalmağını istəmişdir!). Siz yalnız açıq-aşkar azğınlıq içindəsiniz"". ("Yasin" 47).
O insanların ki, həyata baxışı yanlışdır, adətən məsuliyyət altına girmək istəmirlər, ya da bütün çirkin əməllərini başqalarının boynuna atırlar. Bəzən deyirlər ki, təqsirkar, nəuzubillah, Allahdır. Əgər O, istəməsəydi, biz müşrik olmazdıq. Bəzən deyərlər ki, təqsirkar insanlardırlar, əgər cəmiyyətin başında filan insanlar olmasaydı, biz mömin olardıq. Bəzən də deyərlər ki, təqsirkar bizim əcdadlarımızdır.
Bu ayədə də göründüyü kimi, deyirlər ki, əgər Allah istəsə, Özü yoxsullara ruzi verər. Və bu ayədən sonra belə bir sual yarana bilər ki, niyə Allah Özü yoxsulları doyuzdurmur?
Cavabında deyə bilərik ki, insanın inkişafı - güzəşt, fədakarlıq, ülfət, məhəbbət və infaq nəticəsində olar. Əgər bütün insanlar eyni miqdarda imkanata malik olsaydılar, nə bu kamalı büruzə vermək üçün zəminə olardı, nə də məhrum olanların səbir və zahidliyi üçün şərait yaranardı. (Həvzəh)
Beləliklə, onlar bu həqiqətdən qafildirlər ki, Allah yoxsulları doyuzdurmağı zənginlərin üzərinə vəzifə kimi qoymuşdur. Yoxsullar - səbir və təmkinlə imtahana çəkilirlər, zənginlər isə səxavət və infaqla.
Bəziləri deyirlər ki, yoxsul olmaq - daha çətin imtahandır. Amma bildirilir ki, zənginlərin imtahanı və sorğusu daha çətindir. Yəni, dünyanın müvəqqəti olmasını unutmayan insan, yoxsulluğa səbir etməyə daha üstünlük verər, nəinki, özgələrin payını çatdırmamağa görə ağır sorğunu.
Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:
1. Gərək diqqət edək ki, əlimizdə olan ruzi - Allahın malıdır, bizim deyil. Bu agahlıq infaqı asanlaşdırar.
2. Küfr, insanı infaqdan saxlayar.
3. Kafir, Allahın Raziq olmasını əslində inkar edir.
4. İnfaq - imanın nişanəsidir.
5. İnsanın qəfləti o yerə gəlib çata bilər ki, küfr və simicliyi düz yol hesab edər, infaqı isə yolunu azmaq sayar.