İnsanlar belə təsəvvür edir ki, qorxu - hər zaman pis sifətdir. lakin bir çox qorxular məzəmmət olunsa da, bəziləri bəyənilən sifətlərdən hesab olunur. Bunlar hansılardır?
Yoxsulluq qorxusu.
İnsanların ən çox qorxduğu şeylərdən biri də yoxsulluqdur. Bu qorxu insanı tənbəllik etməməyə və işləməyə vadar edir və nəticə etibarilə, cəmiyyətin inkişafına təkan verə bilir. Əlbəttə ki, insan ruzinin Allah tərəfindən olduğunu bildikdə, bu zaman onun zəhməti ibadətə çevrilir. Yəni yoxsulluq qorxusu o zaman bəyənilən olar ki, insan tənbəllik etməklə və ruzi dalınca getməməklə Uca Allahı qəzəbləndirməkdən qorxur və bu qorxu onu işləməyə motivləndirir.
Amma bəzən bu qorxu insanın rahatlığını pozar və bir çox xeyir əməlləri yerinə yetirməyə mane olar. O cümlədən: infaq, sədəqə kimi. Cahiliyyət dövründə insanların bir çoxu övladlarını yoxsulluq qorxusundan öldürürdülər və Quran onlara xitab edərək buyurur: "Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Həqiqətən onları öldürmək böyük günahdır". ("İsra" 31).
Bu ayə buyurur ki, ruzinin öz əlində olmasını xəyal etmə, çünki belə deyildir. Əslində sizin ruzinizi verən Uca Allahdır. Əgər insan həqiqi Raziqin Allah olduğunu qəbul edərsə, o zaman yoxsulluqdan heç bir zaman qorxmaz.
Ölüm qorxusu
Ölüm qorxusu hər bir insanın fitrətində vardır, çünki insan yaşamağa meyl edən bir varlıqdır. Həyatına mane olan hər bir şeydən qaçar və qorxar. Ölüm qorxusu o zaman yaxşıdır ki, insan axirətə əliboş getməkdən narahat olar.
Amma insanların bir çoxu elə bilər ki, ölümü ilə hər şey sona çatar və həmişəlik olaraq məhv olar. Çox az insan tapılar ki, ölümdən qorxmasın. Bu, o kəslərdir ki, Allaha imanları vardır və saleh əməl yerinə yetirərlər. İmam Əlinin (ə) buyurduğu kimi desək, ölümü bu dünyadan o biri dünyaya gedən körpü bilirlər. Möminlər ölümdən əgər qorxurlarsa ona görədir ki, İlahi bağışlanmadan bəhrələnməməkdən qorxurlar.
İlahi xof
"Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər". ("Ənfal" 2).
İnsanın Allahdan qorxması deyildikdə, İlahi cəzadan qorxması nəzərdə tutulur. Əslində insan öz əməllərindən qorxar və İlahi ədalətə ümid bəsləyər. Yəni, insan xata işlətmişdir və bu xatasının bağışlanmasını ümid edər. Əsil mövzu - xof və rica mövzusudur. İnsan bir tərəfdən əməllərindən qorxmalı və o biri tərəfdən isə tövbəsənin qəbul olmasına ümid bəsləməlidir.
İmam Səccad (ə) "Əbu Həmzə Sumali" duasında buyurur: "Nə zaman öz xatalarıma diqqət etsəm, məni qorxu bürüyər. Sənin kərəm varlığına nəzər salan zaman, ümidvarlıq əldə edirəm".
Beləliklə deyə bilərik ki, Allah qorxusu - hər bir halda bəyənilən qorxulardandır ki, insanı günahdan saxlayar. Bu qorxu insanı ibadətə və təqvaya yönəldər və haramlardan saxlayar.