Valideynə yaxşılıq etməyin müsbət nəticələrindən biri də canvermənin asan olmasıdır. Hamının vəhşət etdiyi, göz yaşları axıtdığı qorxunc ölüm anları təkcə insanın özü üçün deyil, həm də o mənzərəni müşahidə edən bir şəxs üçün vahiməli, qorxuludur.
Hər vaxt belə bir mənzərəni təsəvvür etdikdə qəm-qüssə izləri insanın üzündə aşkar olur. Müqəddəs İslam dinində bu anlar çox həssas və şiddətli tərzdə vəsf olunmuşdur.
Tövsiyə olunmuşdur ki, yaxşı əməl sahiblərini, təqvalıları can verən şəxsin başı üstünə gətirin ki, onun üçün dua etsin. Habelə cənabətli, napak adamların onun yanına gəlməsinin qarşısını alın və bacardığınız qədər "Qurani-kərim" ayələri, xüsusilə "Yasin", "Saffat" surələrini oxuyun.
Mövla Əmirəl-möminin Əli ibn Əbutalib (ə) Rəsuli Əkrəmdən (s), o Həzrət də Cəbraildən ölüm anlarının necəliyi haqda belə nəql edir: "Evdə, yataqda təbii ölüm min qılınc zərbəsindən çətindir."
Hansı ağıllı və imanlı insanı tapmaq olar ki, belə bir günün fikrində olmasın? Hansı bir mömini tapmaq olar ki, öz gözəl əməlləri ilə bu çətin anları asanlaşdırmağa çalışmasın?
Hansı imanlı bir şəxsi tapmaq olar ki, bu anlardakı fikri xoşbəxtlik və səadət olmasın. Mövla Əmirəl-möminin Əli ibn Əbutalibin (ə) mübarək qədəmlərinin, onun Əzrailə dostcasına etdiyi tövsiyələrinin intizarında olmasın?
Əgər belə məqul və ağlasığan arzu siz əziz oxucular üçün bəyənilirsə və ömrünüzün axır anlarında Həzrət Əzrailin (ə) sizinlə dostcasına və tam təvazökarlıqla qəbzi-ruh etməsini (canınızı almasını) istəyirsinizsə, ata-ananın xidmətində olub onlara hər növ əzab-əziyyət yetirməkdən çəkinin. Çünki islami rəvayətlər göstərir ki, ata-anaya xidmət edənlər ölüm anlarında tam rahatlıqla rastlaşacaqlar.
İmam Sadiq (ə) buyurur: "Hər kəs Allahın onun ölüm anlarını (canverməsini) asan etməsini istəyirsə, sileyi-rəhim etsin (qohumlarla əlaqə saxlasın) və ata-anasına yaxşılıq etsin."
Cəfəri (şiə) məzhəbinin dahi rəhbəri (İmamı) İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəs canvermə anlarının çətinliklərini asanlaşdırmaq istəsə, valideyninə yaxşılıq və qohum-əqrəba ilə əlaqələri davam etdirməyi unutmasın. Əgər belə etsə Allah-taala can vermə çətinliklərini onun üçün asanlaşdırar və belə bir şəxs həyatında heç vaxt yoxsul olmaz".