Təvazökarlıq - əxlaq elminin mövzularından biridir ki, bəyənilən sifətlərdən sayılır. Mərhum Nəraqi bu haqda buyurur: "Təvazö odur ki, insan özünü başqalarından üstün hesab edən nəfsini sındırsın. Bunun üçün lazım olan şey isə başqalarına ehtiram qoymağa dəlalət edən danışıq və rəftardır".
Bu əxlaqi fəzilətin də başqa fəzilətlər kimi ifrat, təfrit və mötədil hədləri vardır. İfrat həddi - təkəbbür, təfrit həddi - xarlığı və alçaqlığı qəbul etmək, mötədil həddi isə təvazökarlıqdır.
Əgər biz təvazökar olmaq yerinə özümüzü xar və zəlil etsək və başqaları da bundan sui-istifadə etsə, İslam dini bunu bəyənmir və möminə yaraşdırmır. Çünki möminin abrı və izzəti - İlahi haqdır. İnsanın özünə aid olan bir şey deyildir ki, lazımsız yerə əlindən getsin.
Təvazökarlıqda məqsəd - İlahi rizayəti əldə etmək və nəfsani istəklərlə mübarizədir. Bunun da öz həddi və sərhədləri vardır. Nə zaman İlahi riza meyarı dəyişər,
təvazökarlıq da dəyişər.
Belə yerdə təvazö göstərmək qadağandır. Misal üçün, təkəbbürlü insanlar qarşısında təvazö göstərmək iki cəhətə görə qadağandır. Biri odur ki, insanın təhqir və zəlil olmasına səbəb olar.
Heç kimin haqqı yoxdur ki, öz heysiyyətini və izzətini pul, vəzifə, məqam qarşısında qurban versin. Xarlığı və zilləti qəbul etsin. İkincisi isə bizim təvazö göstərməyimiz təkəbbür əhlinin qürur ruhiyyəsini gücləndirər və onu yolundan azdırar. Belə bir yerdə insan gərək müəyyən mənada təkəbbür göstərəsən. Bu yolla qarşı tərəf dərsini alar və islah olar.
Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman ümmətimin təvazökarlarını gördünüz, qarşısında təvazö göstərin. Nə zaman təkəbbür əhli ilə qarşılaşdınız, onlara təkəbbür göstərin ki, sizin bu rəftarınız onların xarlığına və alçalmasına səbəb olar".
Təvazökarlıq elə bir sifətdir ki, pak və günahdan uzaq olan batində yer alar. Onun nişanəsi insanın rəftarında büruzə verər. İnsanların rəftarına nəzər salaraq təkəbbür və təvazö hissini müəyyən etmək olar.
Quran bu haqda buyurur: "Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman "salam" (xoş və yumşaq söz) deyən kəslərdir". ("Furqan" 63).
Bir insanın təvazökar olmasını başa düşməyin yollarından biri - onun ilk salam verməsidir. Biz salam verərkən daxili xahişlərimiz ilə mübarizə apararıq və təkəbbürün əleyhinə olaraq özümüzü təvözö zivəri ilə bəzəyərik.
Təvazökarlığın başqa bir nişanəsi odur ki, mübahisəni tərk edək. Əgər mübahisə edən zaman niyyətimiz qarşıdurma olarsa, dinimiz ondan uzaq olmağı məsləhət görür. Bu cür mübahisələrin xoşagəlməz nəticələri olur. İnsanın abrını təhlükə altına qoyur.
İmam Sadiq (ə) buyurur: "Səmada bəndələrin üzərində iki mələk hakim olunmuşdur. Hər kim Allaha görə təvazö görtərərsə, onu yuxarı qaldırarlar. Nə zaman təkəbbür etsə, onu alçaldarlar".
İmam Əli (ə) buyurur: "Ən şərəfli əxlaq - təvazökarlıq, səbir və mülayim olmaqdır".
Həzrət Peyğəmbər (s) buyurur: "Üç şey vardır ki, Allah ona görə xeyir və yaxşılıqdan başqa heç bir şeyi artırmaz: təvazökarlıq ki, Allah ona görə dərəcəsini artırar, nəfsini sındırmaq ki, Allah ona görə izzətini artırar, heysiyyətli olmaq ki, Allah ona görə ehtiyacsızlığını artırar".