İmam Cavadın möcüzəli mövludu
Vilayət səmasının 9-cu ulduzu olan İmam Cavad (ə) 195-ci hicri-qəməri ilinin rəcəb ayında Mədinə şəhərində dünyaya gəlmişdir.
Vaqifiyyə firqəsinin böyüklərindən biri İmam Rzaya (ə) deyir: "Sən İmamsan?". İmam (ə) buyurur: "Bəli". Deyir: "Sən İmam deyilsən". İmam (ə) bir qədər başını aşağı salır və sonra buyurur: "Niyə belə düşünürsən ki, mən İmam deyiləm?". O, dedi: "İmam Sadiqdən (ə) nəql edilir ki, İmam nəsilsiz deyildir. Sən bu yaşa gəlib çatmısan, ancaq oğlan övladın yoxdur".
Bu dəfə İmam (ə) başını daha uzun müddət aşağı saldı və sonra buyurdu: "Allaha and olsun ki, uzun müddət keçməyəcəkdir ki, Allah mənə oğlan övladı verəcəkdir". Bu söhbətdən bir il sonra İmam Cavad (ə) dünyaya gəldi.
İmam Kazımın (ə) qızı Həkimə xanım nəql edir: "O zaman ki, İmam Cavadın (ə) anası Xizranın doğum zamanı gəlib çatır, İmam Rza (ə) məni çağırdı və buyurdu: "Ey Həkimə! Xızranın doğum mərasimi üçün hazır ol".
Sonra əmr etdi ki, mən, Xızran və doğum maması bir otağa gedək. Bizim üçün çırağı yandırdı və qapını üzümüzə bağladı. Bu zaman Xızranın doğum sancısı başladı və çıraq söndü. Mən nigaran oldum, ancaq İmam Cavad (ə) bir nur parçası kimi otağı aydınlandırdı və Həzrətdən (ə) yayılan nur bütün otağı bürümüşdü. Körpəni götürdüm və ətəyimə qoydum. Üzərində olan nazik örtüyü ondan ayırdım. Bu zaman İmam Rza (ə) qapını açıb içəri girdi. Körpəni məndən aldı və beşiyə qoydu. Sonra mənə buyurdu: "Ey Həkimə! Beşiyə nəzarət et!".
Üç gün keçəndən sonra İmam Cavad (ə) gözlərini açdı, sağa və sola baxdı. Buyurdu: "Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. Muhəmməd (s) Allahın göndərdiyidir". Qorxaraq ayağa qalxdım və İmam Rzanın (ə) yanına getdim. Həzrətə (ə) olanları dedim. İmam (ə) buyurdu: "Ey Həkimə! Ondan görəcəyin qeyri-adiliklər, eşitdiklərindən daha çox olacaqdır"".
İmranın oğlu Kəlim nəql edir ki, İmam Rzaya (ə) dedim: "Allahdan istə ki, sənə oğlan övladı versin". İmam (ə) buyurdu: "Mənim ruzim ancaq bir oğlan övladıdır ki, varisim olacaqdır". O zaman ki, İmam Cavad (ə) dünyaya gəlir, İmam Rza (ə) səhabələrinə buyurur: "Allah mənə bir körpə vermişdir ki, Musa ibn İmran (ə) kimi dənizləri yaracaq, İsa ibn Məryəm kimi (ə) pak xəlq olmuşdur. Oğlum haqsız yerə öldürüləcəkdir və səma əhli ona ağlayacaqdır və Allah onun düşməninə qəzəblənəcəkdir".