Bu gün bəzi işbazlar yaşayış evlərinə yaxınlaşaraq, içməli suyun təmiz olmadığını və su filterlərini quraşdırmağın vacib olduğunu deyirlər. Onlar insanları buna inadırdıqdan sonra özlərinin gətirdikləri filterlərini müəyyən məbləğ müqabilində evlərdə quraşdırılar. Amma hər şey deyilən kimi olmur.
Belə hadisələrdən biri də Hüseynovlar ailəsində qeydə alınıb. Yeni Ramana qəsəbəsində yaşayan Hidayət Hüseynov Azad İstehlakçılar Birliyinə ünvanladığı ərizəsində bildirib ki, 29 mayda evinə gələn bir qrup şəxs su filteri quraşdırmağın vacibliyi barədə ailəyə məlumat verib. Onları inandırdıqdan sonra 1000 AZN başa gələn su filterini quraşdırıblar. İlkin ödəniş olaraq isə 100 AZN pul alıblar. Su filteri quraşdırıldıqdan sonra ailə suyun dadının acı olduğunu hiss edib. Bir müddətdən sonra evdə yaşayan azyaşlı uşaqlar xəstəliyə yoluxub.
Bu barədə açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, göndərilən ərizə su filterlərindən bəzilərinin standartlara cavab vermədiyini sübut edir:
"Məsələ ilə bağlı dəfələrlə bizə şikayət ərizələri daxil olub. "Azərsu” suyu kifayət qədər təmizləyir. Lakin su infrastrukturu köhnəldiyi və tez-tez qəzalar baş veridiyindən, əhalinin kranından dibində daş toplayan su gəlir. Bu da su filteri satan şəxslərə primitiv cihazları əhaliyə satmağa imkan verir. Su probelmi həll olunmaldıır. Azad İstehlakçılar Birliyi çalışacaq ki, su filterləri satan şəxslərin monitorinqini həyata keçirsin. Qanuni yolla, standartlara cavab verən su filterlərinin bazarda saxlanılmasına, digərlərinin isə çıxarılmasına nail olsun”