Qeydiyyat

Azərbaycanda uşaq hüquqları necə qorunur?

2 409
Azərbaycanda uşaq hüquqları necə qorunur?


Azərbaycanda uşaq hüquqları necə qorunur?
Uşaq ailənin möhkəmliyi, xalqın gələcəyi və cəmiyyətin sabahıdır. Buna görə də, uşaq hüquqlarının qorunmasında birinci növbədə məsuliyyət valideynin üzərinə düşür. Bu, Azərbaycan Respublikasının Ali qanunu olan Konstitusiyanın 17.2-ci maddəsində də təsbit edilmişdir. Həmin maddəyə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə isə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsində də göstərildiyi kimi, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər tərəfindən həyata keçirilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə müvafiq olaraq, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Nəzərə alsaq ki, uşaqların fiziki və psixoloji cəhətdən müdafiəyə ehtiyacı vardır, ona görə də onların daima ailə tərəfindən, ailələri olmadıqda isə dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunması vacib amillərdən biridir. "Uşaq hüquqları haqqında" qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də "İnsan hüquqları haqqında" Ümumdünya Bəyannaməsi (1948), Uşaq Hüquqları Bəyannaməsi (1959), BMT-nin Uşaq Hüquqları Konvensiyası (1989), Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə (1990) uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarının reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir.
XX əsrdən başlayaraq, xüsusən də I Dünya Müharibəsindən sonrakı dövrlərdən uşaqların valideyn himayəsindən məhrum olunması, daim zorakılığa və işgəncələrə məruz qalması hallarına yol verilmiş, bu səbəbdən də 26 sentyabr 1924-cü ildə Millətlər Liqası tərəfindən uşaq hüquqlarını əks etdirən ilk Bəyannamə qəbul olunmuş və Cenevrə Bəyannaməsi kimi tarixə yazılmışdır.
Sonradan bu yönümdə atılan digər addımlar kimi 1959-cu ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunan “Uşaq Hüquqları Bəyannaməsi”, 1966-cı ildə Uşaq istismarı və Təhsil hüququnun Müdafiəsi” barədə beynəlxalq müqavilə, 1973-cü ildə “İşə qəbul üçün minimum yaş həddi haqqında Konvensiya 138”, 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunan “Uşaq hüquqları haqqında” Beynəlxalq Konvensiya və sairə bu kimi beynəlxalq konvensiya və müqavilələri göstərmək olar.
Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsi həmişə ön planda olmuş, məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 6 Fevral 2006-cı il tarixli Fərmanı ilə əsas mərkəzi icra hakimiyyəti orqanı kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu orqan ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır. Komitə mövcud yerli, beynəlxalq qanunvericilik və digər normativ aktlara uyğun olaraq Azərbaycan Respublikasında uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini həyata keçirir. Dövlət Komitəsi tərəfindən hər il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan tədbirlərdə valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqların iştirakı xüsusi təşkil olunur.
Son illər 14 yaşına çatmamış və cinayət törətmiş şəxslərin tərbiyə olunması üçün xüsusi tərbiyə müəssisələri yaradılmış və bunun uşaqların tərbiyə olunması və cəmiyyət üçün layiqli bir insan kimi yetişdirilməsində mühüm rolu olmuşdur. Bunun nəticəsidir ki, hazırda tərbiyə müəssisələrində cəmi 38 uşaq yerləşdirilmiş və onların tərbiyə olunması üçün dövlət tərəfindən mühüm addımlar atılmışdır. Bu sahədə Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın əməyini yüksək qiymətləndirmək lazımdır. Məhz Heydər Əliyev Fondu uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olmuşdur. Heydər Əliyev Fondu uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir və bu iş gündən-günə daha artıq vüsət alır. Son illərdə ölkəmizdə şikəst uşaqların və onların ailələrinin maraqları çərçivəsində fəaliyyət göstərən təşkilatların əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Uşaq Bərpa Mərkəzi və Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzi fəaliyyət göstərir. Daun xəstəliyindən əziyyət çəkən uşaqlar üçün Bakı şəhərində Daun sindromlu şəxslərin reabilitasiya mərkəzi fəaliyyət göstərir.
Hazırda Azərbaycan Respublikasında uşaqların sayı 2 589 000 nəfərdir ki, bunlar da ümumi əhalinin 26,7 %-i təşkil edir. Belə olan vəziyyətdə, uşaqların sağlam böyüməsi, gələcəyin ixtisaslı mütəxəssisləri olması, dövlətin idarə olunmasında rolunu nəzərə alaraq, onların həm sağlam böyüməsinə, həm də fiziki cəhətdən əmək qabiliyyətli bir insan kimi yetişməsinə xüsusi diqqət yetirilməlidir. Təsadüfü deyildir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.4-cü maddəsinə əsasən, əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Lakin on beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Bu da onu göstərir ki, dövlət tərəfindən qanun qəbul olunarkən uşaq hüquqlarına, onların istismar edilməsinin yol verilməməsinə və yetkinlik yaşlarına çatmadıqları üçün öz hüquqlarını valideynləri və yaxud himayədarları vasitəsilə həyata keçirmələrinə şərait yaradılır. Təsadüfi deyildir ki, yetkinlik yaşına çatmamışların işlə təmin olunması zamanı da qanunvericilik həmin şəxslərin müvafiq işinin olmasında aşağı həddə işləməsini nəzərə almışdır. Bu da ölkəmizdə uşaq hüquqlarının müdafiə sahəsində əsas amillərdən biridir.
Ölkəmizdə insan hüquqlarının pozulmasınınn yollarından biri də insan alveridir. Qanunverici insan alverinin ictimai təhlükəliliyini nəzərə alaraq, bunu cinayət kimi qiymətləndirmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsində insan alveri başlığı altında yeni bir norma 144-1.1-ci maddə yaratmışdır. Həmin maddəyə əsasən, insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi hesab edilir. Buna görə qanunda beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə əlaqədar cəza nəzərdə tutulduğu halda, həmin hərəkətlərin yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi, hətta bu hərəkətlər törədilmədiyi halda belə, qeyd olunan maddəni “Qeyd” hissəsinin 3-cü bəndində göstərildiyi kimi yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi insan alveri hesab edilir. Bu da onu göstərir ki, dövlətin yetkinlik yaşına çatmayanlara, ilk növbədə uşaqlara qarşı qanun çərçivəsində nəzarəti daha da güclüdür.
Son illər yeni doğulmuş uşaqların atılması, eləcə də, uşaqların öz valideynləri tərəfindən zorakılıqlara məruz qalması hallarına yol verilir. Dövlət bütün bunları və uşaqlara olan diqqət və qayğını nəzərə alaraq, həmin uşaqları valideyn hüquqlarından məhrum olmuş uşaqlar üçün müəssisələrdə, eləcə də, internat məktəblərində yerləşdirməklə onların həm sağlamlığını, həm də təhsil almasını, gələcəyin layiqli kadrlarının yetişməsini təmin edir. Yaxşı olardı ki, cəmiyyətimizdə uşaqların atılması, eləcə də, imkan dairəsində müvafiq yaşa çatmış uşaqların xüsusi internat məktəblərə verilməsi hallarına yol verilməyəydi. Bir halda ki, məqalənin əvvəlində göstərdiyim kimi, uşaq ailənin möhkəmliyinin tərkib hissəsidirsə, deməli, uşağın atılması və ya hansı formadasa internat məktəblərinə verilməsi, həmin ailənin dağılması deməkdir. Hansı ki, ailə özlüyündə kiçik bir dövlət hesab olunur və dövlətin idarə olunmasının ilkin özəyi kimi qəbul edilir.
Torpaqlarımızın 20% düşmən tapdağı altında olduğu halda, qaçqın, eləcə də, məcburi köçkünlərin uşaqları dövlət qayğısından kənarda qalmamışdır. Qeyd olunan səbəbdən ölkəmizdə 114 489 qaçqın və 194 591 məcburi köçkün uşaqlarının olmasını nəzərə alaraq, dövlət tərəfindən onların bütün sahələrdə inkişafı üçün lazımi şərait yaradılmışdır. Bu sahədə Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əməyini xüsusi qiymətləndirmək lazımdır. Təsadüfi deyildir ki, qaçqın və məcburi köçkünlər üçün yaşayış evləri salınmamışdan əvvəl məktəblər və digər tərbiyə və tibb müəssisələri tikilib istifadəyə verilir.
Ölkəmizdə uşaqlara diqqət və qayğının təzahürlərindən biri də onlara orta məktəblərdə dərs vəsaitlərinin və bir çox hallarda geyimlərin pulsuz verilməsidir. Bununla da dövlət həm uşaqların, həm də onların valideynlərinin bu sahədə olan qayğılardan azad olunmasına şərait yaratmışdır.

Azərbaycan Respublikası Uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin Uşaq Fondu – UNİCEF-lə sıx əməkdaşlıq edir. UNİCEF Azərbaycanda öz fəaliyyətinə 1993-cü ilin oktyabr ayında başlamışdır.
Uşaq hüquqlarının müdafiəsi Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuş və bu, hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Hüquqşünas Qumru Eyvazova
Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: