İnsanın günaha düşməsinin səbəblərindən biri də onun cəmiyyətdə ictimai məhrumiyyətlərə uğramasıdır.
İşlərini xalis ilahi məqsədlərə uyğunlaşdırmayan şəxslərin xoşbəxt və ya bədbəxt olması camaatın onlara qarşı hansı fikirdə olduğundan asılıdır.
Yəni onlar həyatda xoşbəxtliyi camaatın onları tərifləməsində, bədbəxtliyi isə camaatın onları pisləməsində görürlər. Belə şəxslər ictimai məhrumiyyətlərə uğrayan zaman özlərində həqarət hissləri keçirirlər.
Nəticədə bu hiss onların qəlbində başqalarına qarşı düşmənçilik və kin-küdurət toxumunu əkir və bu yolla da onları müxtəlif günahlara sövq edir.
Deməli, bu cür günahların bünövrəsini işlərini qeyri-ilahi hədəflərə görə icra etmək təşkil edir. İslam tarixində bu cür mənfi hisslərə qapılıb xətərli günahlara yol verən şəxslərin nümunəsi çoxdur.
Yetimlərin ehtiramını saxlamağın səbəbi də onların üzləşdiyi bir növ ictimai məhrumiyyətin qarşısını almaqdır.
Bəlkə də müqəddəs islam dinində sifariş olunmuş camaatla məsləhətləşmək, onların şəxsi dünya görüşünə ehtiramla yanaşmaq, başqalarına pis ad qoymamaq, onları istehza etməkdən çəkinmək və bu kimi əxlaq tərzi insanların qəlbində həqarət hissini məhv edərək, onların mükəmməl şəxsiyyət kimi formalaşmasına xidmət edən amillərdəndir.
İmam Baqirdən (ə) maraqlı bir hədisi nəzərinizə çatdırırıq.
İmam (ə) özünün dərrakəli şagirdlərindən olan Cabir Cofi adlı bir şəxsə buyurur:
"Ey Cabir! O vaxt sən bizim dostumuz olarsan ki, şəhərin bütün camaatı sənə desə ki, "sən pis adamsan", narahat olmayasan; eləcə də bütün camaat sənə "yaxşı adamsan" desə də, sən onların bu sözündən sevinməyəsən.
Sən özünü Allahın kitabı olan Quranla müqayisə et! Özünü Quran buyurduğu bir insan kimi görsən, onda sənə müjdələr olsun. Yəni Quranın qadağan etdiyi işlərdən çəkinib, əmr etdiyi işlərə əməl edəsən və günah haqqında xəbərdarlıq olunan işlərdən qorxub çəkinəsən."
Həqiqətən, bu hədisə diqqət yetirsək, görərik ki, İmam Baqirin (ə) bu hədisi bütün insanlar üçün böyük və mənalı bir dərsdir.