Qurani-Kərim - nurdur və hər kim onunla təmasda olar, həmin nur ona da təsir edər. İnsan əgər Quranı evində oxuyarsa, bu nur evə və onun sakinlərinə də təsir edər. Bütün ev əhli xeyirli aqibətdə olar.
Həzrət Peyğəmbər (s) buyurur: "Evlərinizi Quran oxuyaraq nurani edin. Onu yəhudilər və xaçpərəstlər kimi qəbiristana çevirməyin. Nə zaman evdə çoxlu Quran oxunarsa, xeyir və bərəkəti artar və ev əhli bir müddət ondan ləzzət alacaqdır. Necə ki, ulduzlar yer əhli üçün parlayır, (Bu ev də) səma əhli üçün parlayar".
Əmirəl-möminin (ə) buyurur: "O evdə ki, Quran oxunar və Allah Təala zikr olunar - bərəkəti artar və mələklər ora gələrlər. Şeytanlar ondan uzaq olarlar".
Quranın evdə oxunması ailə üzvlərinə də təsir edər. O ailədə ki, ata və ana Quran oxuyar, uşaqları da Quran oxumağa meyil edərlər. Hətta qonşuları belə, bəzən bu əməldən təsirlənər və Quran oxumağa əlaqə əldə edərlər.
Ona görə də deyə bilərik ki, Quranın hədəflərindən biri - insanı nurani etməkdir. Hər kim Quran oxuyar - qəlbindəki zülmətlər nura çevrilər. Sözləri də nurani olar, əxlaqı da nurani olar.