Hardasan, yanımda olaydın indi,
Dunyanı verərdim bircə kəlmənə.
Biləydim, ürəyin yenə mənimdi,
Deyəndə "sevgilim, yaxın gəl" mənə.
Ürəyim sığmayır köksümə mənim,
Elə bil ruhum da durub qəsdimə.
Duman günlərimə kəsilib qənim,
Hər yandan qaranlıq çökür üstümə...
Mənim də buludtək çatılıb qaşım,
Sən məndən inciyib küsəndən bəri.
Bilmirəm hayana axır göz yaşım,
Bu hicran yelləri əsəndən bəri...
İntizar nə yaman əzir qəlbimi,
Nəfəsim, həyatım, eşqim, hardasan?
Qalmışam lap dəli-divanə kimi,
Eləcə xəbər ver, - bilim hardasan..