İmam Əli (ə) buyurur: "Nemətdən ayrılmazdan əvvəl onunla xoş rəftar edin. Çünki o, əldən gedir və sahibinin əleyhinə onunla etdiyi rəftara görə şəhadət verəcəkdir".
İmam Əli (ə) buyurur: "Nemətlərin qaçmasından çəkinin ki, hər qovulan geri qayıtmaz".
İmam Rza (ə) buyurur: "Nemət üçün yaxşı qonşu olun və onunla yaxşı rəftar edin. Çünki nemət vəhşi heyvan kimidir və əgər qövmündən ayrılmasa, onlara tərəf geri qayıdacaqdır".
Həzrət Əli (ə) buyurur: "Nemətlə yaxşı əməl etməmək onun qaçmasına səbəb olar".
Nemətin dostu da var, düşməni də. Onun dostlarını qəbul edib, düşmənlərindən çəkinmək lazımdır. Nemətin dostları təvqa və düşmənləri isə günahdır.
"Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq". ("Əraf" 96).
Nemətlə bağlı bilməli olduğumuz 3 nöqtə.
1. Nemət - qürb əlaməti deyildir. Necə ki, bəla Allahdan uzaqlaşmaq əlaməti deyildir. Əslində bunlar imtahan vasitəsidir ki, bəşər onun vasitəsilə imtahan olunar. İmam Sadiq (ə) buyurur: "O zaman ki, Allah bəndəsini sevər, onu bəlaya qərq edər".
2. İlahi nemətləri dilə gətirmək - bəyənilən əməllərdəndir. Onun ən bariz nümunələrindən biri şükürdür. "Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur'ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən)". ("Zuha" 11).
3. Dünya nemətləri dünyaya aiddirlər. İnsan ölən zaman təsirini itirəcəkdir. O nemət kamil sayılır ki, cavidan olsun. Bu da İlahi rizadan başqası deyildir. Həzrət Peyğəmbər (s) buyurur: "Tam və kamil nemət - behiştə daxil olmaq və atəşdən xilas olmaqdır".