Şeytana ibadət etməkmi?.. Bir insan bunu necə edə bilər ki? Lakin, bu mümkündür. Çünki Uca Allah, günahda şeytana itaət etməyi, şeytana ibadət olaraq adlandırmışdır. Uca Allah buyurur:
"Məgər mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir.." (Yasin, 60)
Uca Allah, İbrahim peyğәmbәrin hadisəsini zikr edərək, onun öz atasına belə dediyini buyurur:
"Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu." (Məryəm, 44)
Kim Rəhman'a (Allaha) qulluq etməyi, Ona itaət etməyi, haqqı ilə yerinə yetirmirsə - şeytana itaət etməklə ona (şeytana) ibadət etmiş olur. Yalnız Allaha ixlas ilə (sidq ürəklə) qulluq edən kimsə, şeytana ibadət etməkdən qurtula bilər. Uca Allah, şeytana müraciət edərək, həmin ixlaslı bəndələri barəsində belə buyurur:
"Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökümranlığın yoxdur." (əl-Hicr, 42)
"Lə iləhə illəllah" sözünün haqqını verənlər də məhz onlardır. O sözü dillərinə gətirərkən ixlasla deyir və bunu öz yaxşı əməlləri (ibadət və itaətləri) ilə təsdiqləyirlər. Nə məhəbbətdə, nə ümiddə, nə qorxuda, nə itaətdə, nə də təvəkküldə Allahdan başqasına əhəmiyyət vermirlər. "Lə iləhə illəllah" (Ondan başqa ibadətə layiq olan haqq məbud/ibadət olunan yoxdur) sözlərini sidq ilə söyləyənlər də mәhz onlardır. Allahın həqiqi qulları da onlardır. Lakin kim "lə iləhə illəllah" sözlərini dili ilə deyərsə, sonra Allaha qarşı günahda, Ona qarşı müxalifətdə şeytana və öz nəfsinin istəyinə itaət edərsə, onun bu əməli, dili ilə dediklərini təkzib etmiş olur. Həmin insan, şeytana və öz nəfsinin istəyinə itaət etməklə, Allaha qarşı etdiyi üsyanın miqdarı qədər tövhidindәn (imanından) azaltmışdır.
"Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?!" (əl-Qasas, 50)
"Nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar." (Sad, 26)
Ey insan! Allahın qulu ol, nəfs istəyinin qulu olma! Nəfsin arzu-istəkləri qurtarmaz. Nəfs insanı daima pis işlərə sövq edər, fikirləri bulandıraraq, ağlın üzərini örtər. Bu isə insanı, Allahın qəzəbinə düçar edərək, əbədi olacaq bir atəşə salır. Uca Allah buyurur:
"Ayrı-ayrı tanrılar yaxşıdır yoxsa Tək olan, hər şeyə Qalib gələn Allah?" (Yusuf, 39)
Allahın elçisi, nəfsinə məğlub olaraq, dünyaya qul olmuş kəslər barəsində belə buyurur: "Dirhəm qulu həlak olsun! Dinar qulu həlak olsun!"
Tək olan Allaha qulluq etmənin haqqını verən kəsdən savayı, heç kəs Allahın əzabından qurtula bilməz. Kim ilahının, məbudunun tək bir fərd (Allah) olduğunu bilirsə, ibadətlərində O'nu təkləşdirməli, yalnız Ona boyun əyməli və bu yolda tənbəllik etməməlidir. Uca Allah, Öz Peyğəmbərinə (ona salam olsun) belə xəbərdarlıq etmişdir:
"...Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (qiyamətdən qorxursa), yaxşı işlər (əməllər) görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!"" (əl-Kəhf, 110)
İnsanın "lə iləhə illAllah" söyləməsi, Allahdan başqasını (Allahı sevdiyi kimi) sevməməsini tələb edir. Çünki ilah o kəsdir ki, məhəbbət, qorxu və ümid ilə Ona itaət olunur. Allahın sevdiyini sevmək və O'nun xoşlamadığını xoşlamamaq isə, Allahı sevməyin kamilliyindəndir/zirvəsidir. Kim Allahın xoşlamadığı bir şeyi sevərsə vә Allahın sevdiyi bir şeyi bəyənməzsə, nə tövhidi (tövhid - ibadәtdә Allahı tәklәşdirmәk) tamamlanar, nə də "lə iləhə illAllah" deyərkən (tələb olunan) səmimilik tamamlanmış olar. Bununla da həmin insanda Allahın sevdiyi əməllərdən bəyənmədiyi miqdarda, Allahın bəyənmədiklərindən isə (həmin insanın) sevdiyi miqdarda gizli şirk meydana gәlmiş olur.
Uca Allah, doğru yolu tapdıqdan sonra, üz döndərən və şeytanın "uzun ömür" vəd edərək, etdiyi pis əməlləri "yaxşı" kimi göstərdiyi insanlar'a xəbərdarlıq edərək buyurur:
"Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq? Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə uymaları və (Allaha) xoş gedən şeyi bəyənmədiklərinə görədir. Elə buna görə də (Allah) onların əməllərini puç etdi." (Muhamməd, 28)