Uca Allah buyurur:
"Ey iman gətirənlər! Bir qövm digərini məsxərəyə qoymasın! Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın! İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Tövbə etməyənlər - məhz onlar zalımlardır." ("Hucura"t surəsi, 11)
Abdullah ibn Məsud (r) rəvayət edir ki, Peyğəmbər (s) buyurub: "Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür" (Səhih əl-Buxari, 48. Səhih Muslim, 30. Musnədu Əhməd, 3903).
Əbu Hureyrə (r) Peyğəmbərin (s) belə dediyini rəvayət edir: "İki nəfər söyüşərsə, ilk olaraq söyülən kəs həddi aşmadığı təqdirdə hər ikisinin günahı başlayan kəsə yazılar" (Sunənu Əbu Davud, 4/274).
Hədisdən bu nəticə çıxır ki, iki nəfər bir-birini söyməyə başlayarsa, ilk olaraq söyülən şəxs söymədiyi təqdirdə, hər ikisinin söydüklərinin günahı söyüşə ilk başlayan kəsə yazılar. İkisi də həddi aşdıqda isə, hərənin günahı özünə yazılar.
İmam Nəvəvi deyib: "İnsanların mübahisə etdikləri zaman adətləri üzrə dedikləri sözlərdən eşşək, keçi, it, qoyun, öküz, və s. kimi sözlər işlətməyin iki eybi vardır. Birincisi yalan, ikincisi isə əziyyət verməkdir" (Əzkar, 1/86).
İslamda nəinki insanı, hətta, heyvanı belə söymək qadağan edilib. Zeyd ibn Xalid (r) rəvayət edir ki, Peyğəmbər (s) buyurub: "Xoruzu söyməyin! Həqiqətən, o, namaza çağırır" (Sunənu Əbu Davud, 5103).
İnsanın söyüş söyməklə qazandığı böyük günahlardan biri də öz valideynlərini söyməsidir. Abdullah ibn Amr ibn As (r) Peyğəmbərin (s) belə dediyini nəql edir: "Bir nəfərin öz valideynlərini söyməsi ən böyük günahlardandır". Səhabələr: "Kim öz valideynlərini söyər?" deyə soruşduqda, Peyğəmbər (s) dedi: "Bəli, bir nəfər o birinin atasını söyür, o da qayıdıb həmin şəxsin atasını söyür, anasını söyür o da qayıdıb həmin şəxsin anasını söyür" (Səhuh əl-Buxari, 7/69. Səhih Muslim, 1/92).
Adi insanları söymək haramdırsa, sağlığında Cənnətlə müjdələnən, Peyğəmbərə (s) pis və yaxşı gündə dayaq olan, Allahın razı qaldığı şəxsləri söymək daha şiddətlidir. Əbu Hureyrə (r) rəvayət edir ki, Peyğəmbər (s) deyib: "Səhabələrimi söyməyin! Nəfsim əlində olana and olsun ki, sizlərdən biriniz Uhud dağı boyda qızılı Allah yolunda xərcləsə belə, onların verdiyi bir ovuca, yaxud yarısına belə çata bilməz" (Səhih əl-Buxari, 3673. Səhih Muslim, 6651).
İmam Nəvəvi deyib: "Bilin ki, səhabələri söymək haram olan ən böyük günahlardandır" (Şərhu-Muslim , 16/93).
Həmçinin ölmüş kimsəni söymək olmaz. Peyğəmbər (s) bu haqda buyurub: "Ölüləri söyməyin!" (Sunənu Tirmizi, 1982).
Bu da çox müşahidə etdiyimiz bir hal olmaqla bərabər, onu edənlərin ya heç, ya da lazımınca iman gətirmədiyindən xəbər verir. Hədisdəki "söyməyin" sözündə məqsəd, ölünün xoşa gəlməyən əməllərini sayıb tökərək xeyirsiz bir kimsə olduğunu ortaya qoymaqdır. Ölüləri bu cür anmaq, bu hədislə qadağan olunub.