Quranda cənnət haqqında danışılarkən "şərab" kəlməsi işlədilir. Cənnətdə şərab halal olacaq?Qurani-Kərimin bəzi ayələrində cənnət əhlindən və cənnət nemətlərindən söhbət açılarkən "şərab" kəlməsi işlədilir.
Əvvəla, ərəb dilində hər cür içkiyə "şərab" deyilir və bu sözün tərcüməsi "içəcək" deməkdir. Həm halal, həm də haram içkilər şərab adını daşıyır.
Qurani-Kərimdə behişt içkilərindən bu şəkildə söz açılır: "Müttəqilərə vəd olunan cənnətin vəsfi belədir: orada dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır" (Muhəmməd, 15).
Digər bir ayədə cənnət içkisi "şərabən təhura" (pak içki) adlandırılır (İnsan, 21).
"Vaqiə" surəsinin 19-cu ayəsində isə məsələyə bir qədər də aydınlıq gətirilir: "(Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər".
Ayələrdən göründüyü kimi, cənnətdə möminlərə təqdim ediləcək içkilər pak olacaq və onlar sərxoşluq gətirməyəcək. Dünyada haram olan içkilər isə axirətdə də haram qüvvəsini saxlayacaq.