Qaxac duzlanmış və qurudulmuş ətdir. Onu ətin müəyyən hissələrini qurudaraq hazırlayırlar. Bu zaman ət duzlanır və günəşin altında uzun müddət qurudulur. Qaxac əsasən heyvanın bel hissəsindən hazırlanır. Bel hissənin əti dadlı olduğuna görə qurudulmaq üçün əsasən heyvanın bu hissəsindən istifadə olunur. Qaxac üçün cavan ətin seçilməsi onun dadlı olmasına səbəb olur.
Qurudulmuş ətdən bulyonların hazırlanmasında istifadə edilir. Ondan dadlı kabab da bişirilir. Ətin duzlanıb qurudularaq saxlanılması qədim zamanlardan qalan bir ənənədir. Bu ənənəyə nəinki Azərbaycanda, hətta başqa xalqlarda da rast gəlmək mümkündür. Qaxacı doğramaq çətin olduğundan onu doğrayıb qurutmaq və ya quruduqdan sonra kiçik hissələrə bölüb saxlamaq lazımdır.
100 qram qaxacın qida dəyəri:
- Zülallar - 30 qr
- Yağlar - 44 qr
- Karbohidratlar - 1,4 qr
- Su - 12,4 qr
- Kalori - 500 Kkal.
Qaxac xüsusi dada malik olur. Ondan şorbaların, bulyonların, qəlyənaltıların, buterburodların hazırlanması zamanı istifadə olunur. Qaxacdan bişirilən kabab xüsusi gözəl dada malik olur. Buna səbəb isə ətin uzun müddət duzda qalmasıdır.
Qaxacın zərərli xüsusiyyətləri
Uşaqlara qaxac əti vermək məsləhət deyil. Yaxşı qurudulmamış və ya az miqdarda duzlanmış ətdə çürümə prosesi baş verə bilər. Bu isə orqanizm üçün zərərli sayılır.