"Ramazan", "rəmz" kökündən olub, qızmar isti və günəşin daşa və quma saçması mə`nasındadır. Ramazan ayı aclıq, susuzluq və çətinliklər qarşısında dözüm ayı olduğu üçün bu adı almışdır. Bu ay hicri-qəməri təqvimində ilin 9-cu və yeganə ayıdır ki, adı Qur`anda çəkilmişdir və Allahın adlarından biridir. Bu baxımdan rəvayətlərdə bəyan olunmuşdur ki, "mah" kəlməsi "ramazan" kəlməsinə artırılsın və heç vaxt ayrıca işlənməsin. Ramazan ayının bütün aylardan üstünlüyü vardır. Çünki, bütün qiymətli səmavi kitablar (Tövrat, İncil, Zəbur, Suhuf və Qur`an) məhz bu ayda nazil olmuşdur. Qədr gecəsi və Həzrət Əlinin (ə) şəhadəti bu ayda baş vermişdir. Bəlkə bu xüsusiyyətlərə görə uyğun ay orucluq üçün seçilibdir.