Gözəl əxlaq – kamil orucun şərti
Mötəbər hədis və rəvayətlərdən məlum olur ki, Allahın ayı olan Ramazanın əzəmət və böyüklüyü insan ağlının bunu dəyərləndirmək bacarığından qat-qat ucadır.
İnsan təsəvvürü bu ayın ucalığını və bu ayın qaydalarına əməl edən şəxsin qazanacağı savabın miqdarını anlamağa qadir deyil. Elə buna görə Allahın Rəsulu (s) buyurmuşdur: "Əgər bəndə Ramazanda nə qədər dəyər olduğunu bilsə, hər ilin Ramazan olmasını istəyər" (Biharül-ənvar, 93-cü cild, səh. 346). Və elə buna görə cənnətin səkkiz qapısından birinin "rəyyan" adlandığı, bu qapıdan yalnız orucunu kamil şəkildə tutanların daxil ola biləcəyi söylənilir. "Oruc mənə görə tutulur və onun əvəzini mən verəcəyəm" hədisi-qüdsisi də kamil orucun təsəvvürəgəlməz savabı haqqında düşünməyə əsas verir. Bütün xeyir işlərin savabını əlbəttə ki, Allah-təala verir. Amma orucun savabının xüsusi qabardılması bu savabın ya kəmiyyət, ya da keyfiyyət baxımından tam fərqli olacağına işarədir.
Öz-özlüyündə aydındır ki, Ramazan ayı bu ayda Qurani-kərimin nazil olması səbəbindən Allah yanında uca məqama malikdir. Elə buna görə Ramazan ayının gündəlik duasında da Allahın başqa aylar içində bu aya daha çox əzəmət, kəramət, şərafət və fəzilət verdiyi qeyd olunur. Məşhur şəbaniyyə xütbəsində Peyğəmbərimiz günlərin ən yaxşısının, gecələrin ən üstününün məhz bu ayda olduğunu vurğulamışdı.
Lakin bununla yanaşı, hər kəs üçün Ramazanın böyüklüyü bu ayı necə yaşamasından asılı olaraq fərqlidir.
Başqa sözlə desək, hər kəsin Ramazanı fərdidir, bənzərsizdir. Ramazanı insan üçün dəyərli edən, onu on bir ayın sultanına çevirən həmin insanın bu aydakı mənəvi-ruhani vəziyyəti, əxlaqı, əməlləridir. Orucluğun yalnız zahiri deyil, həm də batini qaydalarına riayət edən şəxs onun əsil ləzzətini duyar və duyduqca ucalar.
Orucluğa mənəvi rəng qatan dəyərlərdən ən mühümü "hüsni-xülq" adlandırılan dəyərdir. Dilimizə "gözəl əxlaq" kimi tərcümə olunsa da, hüsni-xülq daha çox həlimlik, insanlarla mehribanlıq, səmimiyyət, ətrafdakıları incitməmək mənalarına uyğundur.
Doğrudur, gərginliklərlə, streslərlə dolu həyatda aramlıq tapmaq və səbirli davranmaq çox çətindir. Həm maddi, həm də mənəvi problemlər insanı öz məngənəsində sıxır. Lakin insan bu çətinliklərə sinə gərməyi bacarmalı, batini tarazlığı əldən verməməli, davranışlarında gözəl əxlaq sərgiləməlidir.
Gözəl əxlaq orucla birbaşa bağlı olan bir dəyərdir.
Allahın Rəsulu Ramazan ayının gəlişi ərəfəsində söylədiyi məşhur şəbaniyyə xütbəsində bu bağlılığı belə ifadə edirdi: "Ey insanlar! Sizdən hər kim bu ayda öz əxlaqını gözəlləşdirsə, hər kəsin ayağının əsdiyi sırat körpüsündən o, rahat keçər" (Üyunü əxbarir-Riza, 1-ci cild, səh. 296).
İmam Mühəmməd Baqir (ə) buyurmuşdur: "İman baxımından möminlərin ən kamili ən gözəl əxlaq sahibi olandır" (Əl-Kafi, 3-cü cild, səh. 256). Peyğəmbərimiz isə "mənim yanımda ən sevimli və qiyamətdə mənə ən yaxın olanınız ən gözəl əxlaq və təvazö sahibi olanınızdır. Məndən ən uzaqda olanlar isə təkəbbür sahibləridir" buyurmaqla, gözəl əxlaqın dünya və axirət həyatında nə qədər böyük əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır (Biharül-ənvar, 68-ci cild, səh. 385).