Sizdən soruşurlarsa, Allaha şükür edin!
Ramazan ayını yaşamaqdayıq. Çoxları üçün növbəti mübarək ay olduğu halda, bəziləri üçün bu ilk Ramazandır, Allaha aparan yolda vacib və təsirli, bəlkə də birinci addım. İlk addımlar isə həmişə məsuliyyətli, bir qədər həyəcanlı olur, istənilən sahədə. O ki qaldı Allahın dini ola. Çox sayda suallar meydana gəlir, səhv addım atmamaq, müəmmalı vəziyyətlərdən çıxmaq üçün ətrafdakıların yardımına ehtiyac duyulur. Və mümkündür ki, belə hallarda çoxlarına qəribə, təəccüblü, bəzən isə hətta məntiqsiz, qeyri-ciddi və gülməli təsiri bağışlayan suallar verilsin. Belə hallarda nə edək?
Təəssüf ki, nadir hallarda olsa da, daha təcrübəlilər bu yolda ilk və titrək addımları atanlara yuxarıdan aşağı baxırlar. Bu qətiyyət yolverilməzdir! Xüsusən də belə mübarək ayda. Kiməsə istehza etməkdənsə, Allaha şükür etməliyik. Ona görə şükür etməliyik ki, Onun dininə, bu dinin yer üzündə düzgün şəkildə yayılmasına xidmət göstərməyi bizə də nəsib etdi. Düzdü, bizim əməlimiz dəryada bir zərrə hökmündə, bəlkə ondan da kiçikdir. Amma Yaradanla bağlı olan hər şeydə hətta zərrə olmaq nə qədər dəyərli, nə qədər şərəflidir! Odur ki, hətta ən primitiv (onları verən üçünsə çox ciddi və zəruri) suallara belə səbirlə, təmkinlə, gördüyümüz işin məsuliyyətini anlamaqla cavab verməliyik. Hətta eyni sualı gün ərzində bizə 10 dəfə ünvanlasalar belə, yenə də Allaha sonsuz şükürlər edib məmnuniyyətlə və fərəhlə cavablandırmalıyıq. Əgər kimsə bizə "Ramazan ayında dişi fırçalamaq olarmı?", "Oruclu halda dırnaq kəsmək olarmı?", "Uşağı öpmək orucu pozurmu?", "Ramazanda çimmək olarmı?" və sair bu kimi suallar verirsə, bilməliyik ki, bu sualların cavabları onları verənlər üçün çox əhəmiyyətlidir. Belə sualları verməyə onları bu gün din sahəsində malik olduqları bilgilər vadar edir. Zaman ötdükcə hər şey dəyişəcək. Növbəti Ramazan ayında bu suallar olmayacaq. 3-4 il sonra isə, kim bilir, Allahın yanında məqam baxımından onlar harada olacaqlar, biz harada. Kim bilir... Hələ ki, nə onlar, nə də biz həyatın finiş xəttinə çatmamışıq. Hər şeyə isə məhz onda yekin vurulacaq. Odur ki, bizə yardım amalı ilə uzadılan hər əli Allahın sonsuz nemətinin növbəti təcəssümü kimi dəyərləndirək, özümüzü yüksəkdə, digərlərini dərənin dibində görməyək. Xüsusən də nemətlərlə bol olan belə bir ayda.
Sonda isə imam Hüseyndən (ə) bir hədis: "İnsanların sizə ehtiyac duyması, Allahın sizə verdiyi nemətlərdən biridir. O halda sizə verilən nemətlərin qədrini bilin və sizə gələn ehtiyac sahiblərinin ehtiyacını ödəyin ki, nemətinizi əzaba çevirmiş olmayasınız." (Kəşful-Ğimmə, c. 2, s. 244).