Ürək miksoması - qulaqcıq - və ya mədəcikdaxili böyümə ilə xarakterizə olunan birincili şişdir. Böyüklərdə ürəyin xoşxassəli şişləri arasında 50%, uşaqlarda isə 15% hallarda rast gəlinir. Miksomaların 75%-i sol, 20%-i isə sağ qulaqcıqda yerləşir; az hallarda şiş mədəcikləri və ya qapaq aparatını zədələyir. Miksoma daha çox 40-60 yaşlı şəxslərdə, xüsusən qadınlarda müşahidə olunur.
Miksoma - çoxlu miqdarda selikdən ibarət birləşdirici toxuma şişidir. Ürəkdən əlavə, miksoma əzələarası toxuma, ətraflar, aponevroz və fassiyalar nahiyəsi, bəzən isə sidik kisəsi və sinir kötüklərində aşkarlana bilər.Miksomalı xəstələrdə qəfləti ölüm riski 30% təşkil edir. Xəstəliyin təbii gedişində orta ömür müddəti əlamətlərin yarandığı andan 2 ili ötmür. Pasiyentlərin ölümünə şiş emboliyası və ya ürəyin qapaq dəliklərinin okklüziyası səbəb olur.Əməliyyatdan sonra əksər pasiyentlərdə tam sağalma və ya vəziyyətin yaxşılaşması qeydə alınır. Şişin postoperasion residivləri izoləolunmuş ürək miksomasında 1-2%, irsi sindromlarda isə 12-22% hallarda yaranır. Solitar miksoma zamanı şişin təkrar formalaşması onun birləşdiyi sahənin tam kəsilməməsi ilə əlaqədardır.