İmam Sadiq (ə) buyurur: "Həqiqətən, münafiqlər atəşin ən alçaq mərtəbəsində yer tutarlar".
Allah Təala buyurur: "Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq (maddi cəhətdən cismi və fikri zəiflik halında, mənəvi cəhətdən - bütün dəlillər təqdim edilib tamamlandıqdan sonra - cəhl və bədbəxtlik halında buraxarıq). Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa. Onlar üçün minnətsiz və saysız-hesabsız bir mükafat vardır". ("Tin" 5-6).
İnsan məxluqların ən şərəflisi olmasına baxmayaraq, yolunu azan zaman onların ən alçağı və rəzili olur. Bu da insanın əməlindən asılıdır ki, onu heyvandan da alçaq edər.
həmişə uca dağların kənarında xırda təpələr mövcud olar. İnsanın istedadları o qədər zəngindir ki, əgər onlardan silah kimi istifadə etsə, iftixar qalasının ən uca nöqtəsinə çıxar. Lakin əgər bu istedadları günah yolunda istifadə etsə, ən böyük fəsad yaratmış olar və ən alçaq səviyyəyə enər.
Cəhənnəmin də cənnət kimi mərtəbələri vardır. Cəhənnəmin ən pis yeri - cəhənnəm quyusudur. Münafiqlər məhz cəhənnəmin bu pis yerinə düşərlər. "Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər və onlar üçün əsla bir yardımçı tapmayacaqsan". ("Nisa" 145).
Hədislərə nəzər salanda münafiqlərin cəhənnəmdə hansı yerdə olduğunu müəyyən edə bilərik. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim başqasının əleyhinə yalandan şəhadət verər, Qiyamət günü dilindən asılacaqdır. Münafiqlərlə bir yerdə cəhənnəmin ən aşağı təbəqəsində olacaqdır".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Hər kim zənginə dünya (malına olan) tamahına görə hörmət edər və onu sevər, Allah ona qəzəblənər. Cəhənnəmin ən alçaq təbəqəsində Qarunla bir dərəcədə olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim həyat yoldaşının pis xasiyyətinə görə səbir edər və təlaq verməz, Allah Təala onunla olduğu hər gecə və gündüzə görə Həzrət Eyyuba (ə) müsibətlərdə verdiyi savab qədər savab verər.
Həmin pis xasiyyətli qadına isə hər gecə və gündüz səhrada dağılan qum və çınqılın sayı qədər günah verər. İtaət etməzdən və ərinin razılığını qazanmazdan əvvəl ölərsə, Qiyamət günü münafiqlərlə məşhur olar. Onlarla bir yerdə cəhənnəmin ən aşağı təbəqəsinə süqut edər".
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Vay o kəsə ki, mənim Əhli-beytimə (ə) zülm edər. Onların əzabı münafiqlərlə bir yerdə cəhənnəm quyusunda olacaqdır".
Bəli, münafiqlər cəhənnəmin ən alçaq təbəqəsinə süqut edən və ən rəzil insanlardırlar.