Allah özünü zəhmətə salmayan və işləməyən kasıba necə baxır?
İslaminSesi - İslama görə insanın özünü mal-dövlətə görə zəhmət və məşəqqətə salması mənfi haldır və məzəmmət edilir. Dinə görə insan mal-dövlətə sahib olmalıdır, mal-dövlət insana sahib olmalı deyil.
İnsan mal-dövlət əldə edəndə də nə israfa yol verməli nə də simiclik etməlidir. Necə ki Quranda buyurulur: Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan! (İsra-29)
Ümumi şəkildə İslam mal-dövlət əldə etməyi mənfi hal bilmir. Yalnız fani əşyalar üçün məşəqqətə düşməyi məzəmmət edir.
Digər tərəfdən İslam kasıbçılığı da fəzilət bilmir. Həzrət Əli buyurur ki, kasıbçılıq az qalır ki insanı küfrə aparsın.
Bütün siyasi və iqtisadi doktorinalarda xalqların iqtisadi rifahı və onun əldə olunması yolları müzakirə edilir və həlli yollar təqdim olunur. O cümlədən islam dini də belədir.
İslam dinində kasıbları və yoxsulları nəzərə alan qanunlar qədər göstərişlər heç bir dində və sistemdə yoxdur. Bütün bunlar kasıbçılıq və yoxsulluğun aradan qaldırılması üçündür.
Amma bu heç kimə kasıb qalıb digərlərindən nələrsə ummağa haqq vermir. İnsan işləyə bilərsə, sağlamlığı varsa iş üçün digər şəraitlər mövcuddursa bəhanə gətirib, Allaha təvəkkül edib, özünə qapıla bilməz. Rəvayətlərə görə bəzi imamlar quyu qazar onun suyunun bir qismini ehsan edər digərini isə satardılar.
Müasir dövrdə əlaqələrin genişlənməsi iş imkanlarını da artırıb və insalar üçün demək olar ki bəhanə gətirmək qapısı bağlanıb.
İmam Baqir buyurub: "Əmirəl-möminin buyurdu ki, hər kəs torpaq və suyu tapsa amma yenə də ehtiyaclı olsa Allah onu rəhmətindən uzaq edər" (Vəsailuş-şiə, cild-17, səh-40)