Qeydiyyat

Müsəlmanın davranışları

368


Bir insan İslamı qəbul etdikdən sonra artıq bütün düşüncə və davranışlarını Allahın razılığını qazanmaq məqsədilə istiqamətləndirməlidir. Bu istiqamətlərin əsaslarını Allah peyğəmbərinə göndərdiyi Qurani-Kərimdə bəyan edib. Müsəlman olan şəxs əvvəlcə Quranı yaxşı öyrənməlidir. Onu həyatına yerləşdirməli, sonra isə ailəsinə və ətrafındakılara təbliğ etməlidir. Bu vəsilə ilə həm özünə, həm də ailəsinə və ətrafındakı insanlara daha doğru davranmış olar, belə olduqda, müsəlmanlar daha faydalı iş görmüş və gözəl nümunə olmuş olarlar. Necə ki, Peyğəmbərimizə endirilən ayələri əvvəl özü hifz edərdi, sonra yaxınlarını və ətrafındakıları dəvət edərdi. Təzyiqlərə, təhdidlərə məruz qalsa da, Allahın dediklərini təbliğ etmədə nə güzəştə getdi, nə də nifrətlə və ya zorla bu yolu qəbul etdirdi. Bu sahədə Peygəmbərin (s.a.v.) həyatı müsəlmanların götürəcəkləri nümunələrlə doludur.

Təəssüf ki, İslamı yeni qəbul etmiş insanların əksəriyyəti özlərinin qəbul etdiyi həqiqəti və işlədiyi əməli başqalarına qısa zamanda aşılamağa çalışırlar. Bu cür davranış insanlarda ya fitrətlərindən, ya qayğılarından, ya da hər hansı yaxşı niyyətlərindən irəli gəlmiş ola bilir. Lakin bu cür davranışlar quruculuqdan çox dağıdıcılığa, sevgidən çox nifrətə, birlikdən çox parçalanmağa gətirib çıxarır. Çünki müsəlmanlar daha fitrətlərini Qurana əsasən tərbiyə etmədən, hisslərini və qayğılarını Ona görə formalaşdırmadan, öz davranışlarını təbliğlərinə əks etdirərək - buna emosiya və həyəcanlarını da qataraq - Allah adına İslam yoluna dəvətə girişirlər. Üstəlik Qurandan bildiyi bir neçə ayə və bəyəndiyi bir neçə hədis xaricində heç bir biliyi olmayan əlinə aldığı bir şüarla hər kəsi silib süpürən zəlalətdə görənlər İslamın və müsəlmanlığın doğru əks etdirilməsinə maneə törədirlər. İnsanlar bunların münasibətini İslamın, müsəlmanlığın nümunəsi kimi götürürlər. Necə insanlar İslamı qəbul etdikdən sonra öz qıt anlayışlarına görə dini formalaşdırıb həyat yoldaşını boşamağa cəhd göstərmiş, ata-anasının qanını halal saymış, öz fikrində olmayan bütün müsəlmanları kafir olaraq görmüşdür. Gücü yetənlərə təzyiq etməyə başlamış, yetməyənlərin də təzyiqinə məruz qalmışdır.

Çinli Lao Tzunin belə bir sözü vardır: Tanrı sizə istədiyiniz insanları deyil, ehtiyacınız olan insanları verir. Belə ki, o insanlar sizə kömək edəcək.

-Sizi incidəcək,

-acı verəcək,

-sizi sevəcək,

-sizi tərk edəcək və

-lazım olan insan şəklinə çevirəcəkdir.

İndi isə Allahın və Rəsulunun müsəlmanlar üçün qeyri-müsəlmanlara qarşı qoyduğu ölçülərin bir qisminə nəzər yetirək:

Allah Təala Quranda belə buyurur: "Mələklərə: "Adəmə səcdə edin" dediyimiz vaxt İblisdən başqa hamısı səcdə etdilər. İblis səcdə etmədi, kibirləndi və kafirlərdən oldu." (Bəqərə 34.) Allah mələklərin yanında insanı ucaltdı və ona dəyər verdi. Allahın yaratdığı hər şeyin bir dəyəri vardır insanın olmazmı? Son anına qədər imtahan edir. Ondan sonra bu dəyərini və şərəfini ya əbədiyyən itirib cəhənnəmə gedir, ya da əbədiyyən qoruyub cənnətə daxil olur. Bu, Allahın yaratdıqlarına qoyduğu qaydadır, buna sünnətullah da deyilir.

Bir başqa ayədə: "Allah sizinlə dini mövzuda savaşmayan və sizi yurdlarınızdan çıxarmayanlara yaxşılıq etməyinizi və ədalətli davranmağınızı qadağan etməz. Çünki "Allah adil olanları sevər." (Mumtəhinə 60/8), - deyilir.

Çoxunun eşitdiyi və bildiyi bir ayədə də Allah Təala: "Dində məcburiyyət yoxdur." (Bəqərə 256) buyurur.

Bu səbəblə biz də insanlara heç bir təzyiq göstərmədən, son anlarına və anımıza qədər təbliğ edəcəyik. Lutun(a.s.) arvadı və Nuhun (a.s.) arvadı və oğlu iman etmədilər. Bu barədə onlara təzyiq də göstərmədilər. Çünki hər kəsin cəhənnəmə getmə hürriyyətləri vardır. İbrahimin (a.s.) atası, onu çox istəməsinə rəğmən iman etmədi. Son Peyğəmbərimiz Muhamməd (s.a.v.) insanları çox sevən o rəhmət Peyğəmbəri yaxınlarının iman etmədiyinə çox üzüldüyü zaman Allah bu ayələri endirir: "Şübhəsiz ki, sən sevdiklərinə hidayət verə bilməzsən; bilavasitə Allah kimə hidayət verəcəyini yaxşı bilir. Allah bilir, siz bilməzsiniz." (Qəsəs 56)

Hər müsəlman yaxınlarının iman etməsini istəyir. Ancaq Allah hər kəsə fərqli düşünmə, hərəkət etmə səlahiyyəti vermişdir. Bəzən pis insanlar bizim savab işləməyimizə və cənnətə getməyimizə vasitəçi olurlar. Bu, Allahın yaratdıqlarına qoyduğu dialektik qanunudur. Allah Təala belə buyurur: "Əgər Allah əmr etsəydi, yer üzündə olan hər kəs iman edərdi. O halda sən insanları inanmaları üçün məcburmu edəcəksən?" (Yunus 11/99)

Bütün bu ibrətləri nəzərə almadan keçmişdə olduğu kimi günümüzdə də müsəlmanlardan bir çoxu Allahın dinini zorla yeritməyə çalışırlar. Müsəlmanların bu həvəs və həyəcanlı dəvəti qarşı tərəfin qəbul etməməsiylə nifrətə, kinə çevrilməyə başlayır. Sonra da fətvaları verilir...Bununla da bitməz, davranışlar kobudlaşır, əlaqələr kəsilir və dəvət bitmiş sayılır...Daha betəri, bu metodla hərəkət etməyən və özləri kimi inanıb davranmayan müsəlmanları belə zəlalətdə görür, kafirlərin dostu və yaltağı kimi qələmə verirlər.

Bu kimilər, eynilə bizdən əvvəlki əhli kitabın, günümüzdəki xristian və yəhudilərin özlərindən olmayanlara baxış tərzi ilə hərəkət edirlər. Yəhudi və xristianların çoxu "bizdən olmayan, bizim kimi düşünməyən hər kəs düşmənimizdir" düşüncəsinə sahibdirlər. "Malları və qanları halaldır, onları öldürmək savabdır." Cənnət bu dünyada da, axirətdə də özlərinə aiddir. Məhz bu düşüncəyə hakim olan bu küfür qüvvələri bu gün də müsəlmaların qanını heç nədən axıtmağa, torpaqlarını qəsb etməyə başlamışlar.

Eyni ilə dini onlar kimi azdıran müsəlman tiplər, bir gün hakimiyyəti əllərinə alsalar, yəhudi və xristianların elədiklərinin bənzərini təkrar edərlər. Çünki inancları bunu zəruri edir. Düşüncələrinə dəstək kimi görünən, çoxunun bildiyi ayə budur "...Müşrikləri harda tapsanız, öldürün..." (Tövbə 5). Surənin başı ilə sonunun əlaqəsini bilmədən və ya əlaqəsini qopararaq, insanlarla yaxşı münasibəti tövsiyə edən 200-ə qədər ayələrin nəsx olunduğu hökmünü çıxaranlar, əlbətdə yəhudi və xristianların güddüyünə bənzər bir davanı iddia edəcəklər. Yəni işğalçılıq, hakimiyyət, qan tökmək və sairə...

Təbliğ metodu öyrənilməsi zəruri olan ciddi bir davranış tərzidir. Səhv və ya əksik öyrənilsə şübhəsiz, bizdən əvvəlkilərin xətalarını təkrarlamış olarıq. İslam dəvətini nəfs və həyəcanlarımızı qataraq, silib ataraq, vurub yıxaraq deyil, Quranın qoyduğu, Peyğəmbərimizin tətbiq etdiyi ölçüləri əsas alaraq həyata keçirmək lazımdır. Biz müsəlmanlar olaraq inanc və davranışlarımızı hər hansı bir alimin fətvasına, məzhəbin fikrinə və ya camaatın dəyərləndirməsinə əsaslanaraq deyil, Quran və sünnə bütünlüyü içərisində təhlil etməyə çalışmalıyıq. Əlbəttə, fərqli fitrətdə olan insanları razı salmaq, birləşdirmək xüsusiylə idarə etmək çox çətindir; sevgi yayanla nifrət daşıyanı, hiylə işlədənlə səmimi olanı, birləşdirənlə parçalayanı ümmət olub bir araya gətirmənin, yönləndirmənin nə qədər bir səbr və məharət lazım olduğunu başa düşürəm. Çox nadir insanlar bunu zora və zulmə əl atmadan bacara bilərlər. Bu işi asanlaşdırmanın ən mühüm yollarından biri də bir işi əhlinə verməkdir. Peyğəmbərimiz (s.a.v.) bir işi müsəlman kafir fərqinə görə deyil, əhlinə görə təyin edərdi. Bunun Məkkənin fəthində nümunəsini görürük: "Rəsulullah bir ayəylə başladıqdan sonra belə dedi:

-Ey Qureyş camaatı! Mənim sizə nə edəcəyimi zənn edirsiz? Dedilər ki:

-Biz səndən xeyir gözləyirik. Sən kərim bir qardaş və kərim bir qardaşın oğlusan.

-Buyurdu ki:

-Gedin, siz artıq azadsınız.

Sonra Rəsulullah (s.a.v.) məsciddə oturdu və Əli ibn Əbu Talib əlində Kəbənin açarları olduğu halda Ona doğru gəlib belə dedi: "Ya Rəsulullah! Kəbənin himayədarlığını bizə ver."

Rəsulullah (s.a.v.) soruşdu:

-Osman ibn Talha haradadır? (Kəbənin xidmətçisi olan bir müşrik)

Bunun üzərinə Osmanı gətirdilər. Rəsulullah (s.a.v.) ona belə dedi:

-Ey Osman, açarları al! Bu gün yaxşılıq və vəfa günüdür." ((İbn Kəsir, əl-Bidayə vən-Nihayə 4 c. 9 b. 492-518 s.)) Rəsulullah (s.a.v.) Kəbəyə baxma işini belə yaxınlarına buraxmadan, bir müşrik olan Osmana həvalə edir. Sonra onun yaxşı bir müsəlman olduğu rəvayət edilir. Çünki o, işinin əhli idi.

Bəli, davranışlarımız sadəcə qarşımızdakının, irqinə, var və vəzifəsinə, etnik kimliyinə görə deyil, onun insanlığına, əməlinə və fərasətinə görə olmalıdır.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: