Allahın elçisi Muhəmməd peyğəmbər (s) buyurub:
"Sədəqə malı azaltmır. Əfv edən qulu Allah izzətləndirər. Kim Allah üçün təvazökar olarsa, Allah onu yüksəldər". ((Müslim: Xeyirxahlıq, qohumluq və ədəb № 2588. Tirmizi: Xeyirxahlıq və qohumluq № 2029. Əhməd: 2/386. Malik: Cəmi № 1885. Darimi: Zəkat № 1676.))
Hədisin şərhi:
Bu hədis sədəqənin, əfvin və təvazökarlığın fəzilətini özündə cəm etmiş, onların dünya və axirətdəki səmərələrini açıqlamışdır. Sədəqənin malı azaltdığını, əfvin izzətə, təvazökarlığın isə qürura zidd olduğunu düşünmək yanlışlıq və yalan üzərində qurulmuş zəndir.
Əslində sədəqə malı azaltmır. Malın məbləğini azaltdığını fərz etsək, başqa cəhətdən onu artırdığını görərik. Sədəqə mala bərəkət verir, ondan ziyanı uzaqlaşdırır, onu artırır, onu verən şəxsə başqa ruzi qapıları açır. Malın məbləğinin azacıq azalması belə qiymətli səmərələrə dəymirmi?!
Allah üçün lazımi yerə verilən sədəqə qəti olaraq malı azaltmır. Bu, peyğəmbərdən (s) nəql edilən rəvayətlərlə və eləcə də müşahidə və məlum təcrübə yolları ilə öz təsdiqini tapıbdır. Bu məziyyətdən əlavə mal sahibi üçün Allah dərgahında böyük savab, xeyir və ucalıq vardır.
Cinayətkarların söz və əməllə etdikləri günahları əfv etmək özünü alçaltmaq deyil. Əksinə bu, izzətdir. Əsl izzət, rəqibinə və düşməninə qalib gəlmək iqtidarında ola-ola, Allah dərgahında və yaradılanlar qarşısında yüksəlməkdir.
Əfv edənin insanlar qarşısında qazandığı xeyir və tərif, düşmənin dosta çevrilməsi, adamların əfv edənə olan münasibətin dəyişməsi və ona düşməninə qarşı söz və əməllə kömək etmələri hamıya məlumdur. Allah belə insanla onun əməlinə müvafiq davranar. Kim Allahın qullarını əfv edərsə, Allah da onu əfv edər. Həmçinin Allah və Onun qulları üçün təvazökar olanın dərəcəsi qaldırılar. Allah bu növ yüksəlişi belə vəsf etmişdir:
"Ey iman gətirənlər! Sizə: "Məclislərdə (mömin qardaşlarınıza) yer verin!" - deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: "Qalxın!" deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır!" ("Mucadələ" surəsi, 11).
Elmin və imanın ən dəyərli səmərələrindən biri də təvazökarlıqdır. O, haqqa kamil şəkildə boyun əymək, əmri yerinə yetirib qadağadan çəkinməklə Allaha və Onun elçisinə itaət etmək, eləcə də Allahın qulları ilə təvazökar davranmaq, onların halına acımaq, böyüyün və kiçiyin qayğısına qalmaqdır. Bunun əksi isə təkəbbürlükdür. O, haqqa qarşı saymazlıq və insanları təhqir etməkdir.
Hədisdə qeyd olunan bu üç növ muhsinlərin (yaxşı əməl sahiblərinin) ilkin simalarıdır. Biri ehtiyaclılara maddi kömək etməklə malı ilə yaxşı əməl sahibi olur. Digəri pis işlərə yol verənləri əfv etməklə yaxşı əməl sahibi ola bilir. Sonuncusu isə, insanlarla həlim, təvazökar və gözəl əxlaqlı davrandığına görə yaxşı əməl sahibi olur. Onlar öz əxlaqları və yaxşılıqları ilə insanlara rahatlıq vermişlər. Allah da onları yüksəltmişdir. Nəticədə onlar axirət savabı ilə yanaşı bu dünyada insanlar arasında ən hörmətli yerə layiq görülmüşlər.
Peyğəmbərin (s) "Kim Allah üçün təvazökar olarsa" kəlamında insanın məqsədinin yaxşı, təvazökarlığının isə ixlaslı olması qeyd olunur. Əksər insanlar imkanlı şəxslərdən dünya malı qoparmaq və ya başçılardan istədiklərini almaq üçün özlərini təvazökar kimi aparırlar. Bəzi hallarda isə təvazökarlıq riyakarcasına edilir. Bütün bu hallar fəsadlı sayılırlar. Bəndəyə yalnız Allaha yaxınlaşmaq, Onun verdiyi savabı qazanmaq və insanlara yaxşılıq üçün göstərdiyi təvazökarlıq xeyir verər. Yaxşılığın kamilliyi və ruhu isə, Allah üçün ixlaslı olmaqdadır.