Nə bitib, tükənir zalımın zülmü,
Nə də ki fağırın "Allah kərim"i...
Gözünə dürtülür, üzünə gülmür,
Yetimin, sağırın "Allah kərim"i...
Baxma ki arası gözlə-qaş olub,
Gözdə nur olmayıb, gözdə yaş olub.
Başına ağırdan ağır daş olub,
Ağırdan ağırın "Allah kərim"i...
Azını, qıtını bol eləməyib,
Otunu böyüdüb kol eləməyib.
Yüzildi, minildi yol eləməyib,
Cığırı cığırın "Allah kərim"i...
Dərd mənim, kimin nə vecinə, canım,
Gəlməsin Allahın gücünə, canım.
Çağırın Şuşaya, Laçına, canım,
Çağırın, çağırın "Allah kərim"i...
Nə olsun özgəydi, özgə əvvəlin,
Ha istə, arzula, özlə əvvəlin...
Söylə, bu deyilmi sözdə əvvəlin,
Bu sözdə axırın "Allah kərim"i?..
Müəllif: Kəmaləddin Qədim...