Nəfəqə nə deməkdir?
nəfəqə - ehtiyacı olanlara göstərilən təmənnasız yardım deməkdir. Sədəqə də infaqa aiddir. Şəriətdə ailə başçısının öz ailə üzvləri üçün xərclədiyi pula, eləcə də, yardıma ehtiyacı olan şəxslər üçün bunu verməyə borclu olan adamlardan alınan məbləğə (alimentə) də nəfəqə deyirlər. Öz həyat yoldaşının nəfəqəsini təmin etmək kişinin borcudur. Yetikinlik yaşına çatmamış övladların da nəfəqəsini ata verməlidir. Həzrət Mühəmməd Peyğəmbər (s) insanın öz yaxınlarına (ailə üzvlərinə, valideynə, yaxın qohumlara, qonşulara) etdıyi nəfəqənin ən üstün nəfəqə olduğunu bildirmişdir.
Bəndəni Allaha yaxınlaşdıran şərtlərdən biri də öz sevdiyi və xoşladığı nemətlərdən infaq etməsidir: "Sevdıyiniz şeylərdən infaq etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər şeyi biləndir" (Ali-İmran, 92). Nəfəqə halal və pak nemətlərdən verilər (Bəqərə, 267). Nəfəqə verməklə mal-dövlət artar və bərəkətlənər (Bəqərə, 261).
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Üç xasiyyət var ki, bunlar hər kimdə olsa, başqa gözəl xüsusiyyətlər də onun şəxsiyyətində cəmləşər: kasıb olmağina baxmayaraq infaq etmək, başqaları ilə insaflı davranmaq, hamıya salam vermək"