“Özü çox yaraşıqlıdır, amma içi çürükdür” - Əməkdar artist
Deyir ifalarında səmimi olsa da, həyatda həmişə səmimi olmur. Bu, heç mümkün də deyil... Onunla hər şeydən danışdıq - səhvlərindən tutmuş peşmanlıqlarına qədər... Laləni daha yaxından tanıyın.
Əməkdar artistməkdar artist Lalə Məmmədovanın müsahibəsini təqdim edir.
- Bir dəfə demişdiniz ki, oxuduğunuz mahnılar taleyinizə təsir edir...
- Bəli, mən bunu dərk edəndən sonra artıq mahnılarıma ehtiyatla yanaşmağa başladım. Çalışıram ki, çox üzüntülü, ayrılıqlarla bağlı kədərli mahnılar oxumayım.
- Konkret hansı mahnıdan sonra bu təsir qüvvəsini hiss etdiniz?
- Bir mahnı deyil axı...
- Hansı hadisə baş verdi ki, bu qənaətə gəldiniz?
- Bir neçə hadisə baş verdi. Novruz Aslanının Sona Vəliyevanın sözlərinə bəstələdiyi "Yağış" mahnısı həqiqətən də taleyimdə yaşanmış bir hadisə idi. "Bu şəhər ikimizə dar", "Məktəb illəri", hansı birini deyim, istənilən mahnıdan bir parça həyatımda var. Bu danılmaz faktdır.
- İndi artıq taleyinizə müsbət təsir edən mahnıları seçirsiniz?
- Əlbəttə, buna tam nail olmaq mümkün deyil, amma ağır mövzulara daha baş qoşmuram. Mahnının sözlərinə artıq fikir verməyə başlayıram.
- Mistikaya inanırsınız?
- Mistika deyəndə ki, mənim üçün mistika, təsadüf deyilən bir şeylər yoxdur. Mənim üçün yuxarıdan müəyyən olunmuş, əvvəlcədən planlaşdırılan tale, qismət var ki, demək nəsə olmalıdır və yaşanmalıdır.
- İmkanınız olsaydı, hansı hadisələri taleyinizdən silib atardınız?
- Heç birini. Hətta ən pis və öz səhvim hesab etdiyim hadisə belə mənə nəyisə öyrədib. Ola bilməz ki, mən elə-belə nəsə səhv addım atım. Demək ki, bu yanlış addım məni hansısa səhv addımlardan qoruyub.
- Bəlkə səhvinizə görə özünüzü danlamamaq hissindən irəli gəlir?
- Yox, əlbəttə xoşagəlməyən bir şeydir, amma mən bundan nəticə çıxarıb, həyata davam etmişəm.
- Caduya, fala inanırsınız?
- Gözümün qabağında cadu çıxarsınlar, heç vecimə də olmaz. Anam heç vaxt belə şeylərə inanmayıb. Nə falçı yanına gedib, nə də təsirinə inanıb. Mən də ona oxşamışam. Allahın yazdığı bir yazı var. Falçı dəyişə bilsəydi, elə öz taleyini müəyyən edərdi də.
- Valideynlərinizlə bir yerdə yaşayırsınız, "nəyisə düz etmərəm"- deyə valideynlərinizdən ehtiyyat edirsiniz?
- Valideynlərimi bu yaşda incitməmək qorxusu var. Bir də uşaqlarımı düşünürəm. Onların gələcək taleyinə xələl gəlməsin.
- Şəxsi həyatınızla bağlı necə, "Lalə, gərək bu addımı atmayaydın" deyə valideynlərinizin iradını eşidirsinizmi?
- Yox. Şəxsi həyatımı qurdalamağı da sevmirəm. Atdığım addım müstəqil addım olub, səhvi də, düzü də mənə məxsusdur. Nə valideynimin, nə də ətrafımdakı digər insanların heç bir təsiri yoxdur.
- Hansı xüsusiyyətinizlə mübarizə aparmısınız?
- Tez "əl tutmağa" can atıram. Bir var adam özü sənə müraciət edir, bir də var, sənə deməmiş, özün ona "əl tutursan" ki, bircə buna kömək etsəydim, rahat olardım. Hər halda, "Balıq bilməsə də, xaliq bilir".
- Sizcə, hansı xüsusiyyətiniz sizi dinləyicilərinizə sevdirib?
- İfalarımdakı səmimiyyət.
- Bəs insan kimi necə, həmişə səmimi ola bilirsiniz?
- Yalan nə deyim, həmişə səmimi olub, deyib-gülə bilmərəm. Hətta bir-iki dəfə verilişdə deyiblər ki, çox sağ olun bu səmimi söhbətə görə. Mən dözməyib demişəm ki, məni bağışlayın, səmimi söhbət eləmədim.
- Lalə, "göz yaşı ovcunda" olan xanımsınız?
- Əvvəllər belə deyildim, amma son vaxtlarda hiss etdim ki, daha kövrək oluram.
- Bunu gizlətməyə çalışırsınız?
- Çalışsam da, mümkün olmur.
- Adını unutduğum bir şairin şeirindəndir: "Ağlamaq gözəl şeydir, göz yaşımı silən olsa"... Heç göz yaşınızı silən olub, yoxsa elə özünüz silmisiniz?
- Yox, göz yaşımı heç kəs silmir, özümdən başqa.
- Türk sənətçisi Yıldız Tilbə bu günlərdə maraqlı bir açıqlama verdi ki, xoşbəxt olanda 18, bədbəxt olanda isə özümü 88 yaşda hiss edirəm. Bəzən isə yaşım olmur...
- Bu, insanın düşdüyü ruh halı ilə bağlıdır. Ordada bir səmimiyyət var. Bir insan həmişə xoşbəxt olsa, bu normal olmaz. Pianonun ağ-qara dilləri kimidir həyat, bir gün sevincli oluruq, bir gün kədərli...
- Deyirlər qadına gözəllik verən sevgidir, razılaşırsınızmı bu sözlə?
- Bəli, qadın sevildiyini bilirsə, ondan xoşbəxti yoxdur. Hətta heç bir kosmetik vasitə ona kömək ola bilməz. Qadın sevəndə içdən xoşbəxt olur, gözləri gülür.
- Əks cinsin nümayəndələrinə qarşı necə, çox kaprizlisinizmi?
- Kapriz deməzdim, tələblərim çoxdur.
- Üç tələbi qeyd edəsiniz bəlkə?
- Oooo. Onlar qoy məndə qalsın.
- Məsələn, kişinin yaraşıqlı olması vacibdirmi?
- Qarpız alanda həmişə içi yaxşı çıxmır. İnanın da görünüşü aldadıcı olur. Ola bilər zahirən çox yaraşıqlıdır, amma içi çürükdür. İnsanın əməli onun necə olmasından xəbər verir.
- İnsan sərrafı demək olar sizə?
- Həmişə yox.
- Hansını seçərdiniz: ağıllı, yoxsa cazibədar qadın?
- Ağıllı yox, cazibədar qadın olmaq istərdim. Dunyanın dərdini çəkməkdənsə, gözəl və qayğısız olmağı seçərdim, təəssüf ki, bu da artıq mümkünsüzdür...