Quran buyurur: "Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik". ("İsra" 70).
Təfsirçilərin bəziləri insanın kəramətini zahiri gözəlliyində, bədən quruluşunun mütənasibliyində görürlər.
Ancaq bəzilərinin nəzərinə görə, insan kəraməti ruhi üstünlüklərinə və ali istedadlarına, ağıl gücünə, Allaha qarşı mərifətinə əsasən tanıdılmalıdır.
Əlbəttə, insan bütün bu üstünlüklərə malikdir. Allah Təala bütün bu deyilənlərin hamısına görə insanı kəramət sahibi hesab edə bilər.
Ancaq əsil məqsəd odur ki, bu qədər üstünlüyə sahib olan insan təkamül edə bilirmi? Əgər təkamül edirsə, dəyərlidir. Əks halda heyvandan da aşağı səviyyəyə düşər.
Bu ayədən çıxartdığımız nəticələr:
1. İnsan bəşər aləminin gözəlliyidir.
2. İnsan Allah yanında başqa məxluqlardan daha dəyərlidir.
3. Allah insana nəql vasitələri, minik vasitələri kimi nemətlər vermişdir.
4. Ona pakizə yeməklər vermişdir ki, bu da insana nə qədər dəyər verməsinin göstəricisidir.
5. Allah Təala istəyir ki, insan qalan məxluqlar və varlıqlar arasında öz yerini yaxşı tanısın və özünə dəyər versin.