Quran ayələrinə nəzər salan zaman görmək olur ki, həyatda böhrana düçar olan insanlar ömürlərinin son anında həsrət çəkirlər. Allah Təala da onların bu həsrətini öləndən sonra səadət axtarışında olanların nəzərinə çatdırır və bu yolla həyatda olan zaman xoşbəxt olmaları üçün onlara bir ibrət dərsi verir.
İnsan həyatının son anlarında beş həsrət çəkər:
1. Ey kaş, şeytanla oturub-durmazdım.
İnsanın həyatının son anlarında və hətta öləndən sonra belə, çəkdiyi ən böyük həsrət - şeytanla oturub-durmasına görə həsrətdir. Əgər insan həyatda olan zaman bunun üzərində düşünərsə, daha çox müvəffəqiyyət qazana bilər.
"Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq". ("Zuxruf" 36).
2. Ey kaş, Allahın və Peyğəmbərin (s) əmlərini yerinə yetirərdim.
Allah Təala peyğəmbərləri (ə) vasitəsilə insanlara səadat yollarını nişan vermişdir. İnsanların bu həyatdan gedən zaman çəkdikləri həsrətdən biri də Allaha və Peyğəmbərə (s) itaət etməmək olur.
Ona görə də Allah bu insanları öz rəhmətindən uzaqlaşdırır. "Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (sarı və qara rəngə düşdüyü) gün (onlar) deyərlər: "Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun Rəsuluna tabe olaydıq!" ("Əhzab" 66).
Ətraflı
3. Ey kaş, yaxşı dostlar tapardım.
Bu həsrət də insanın həlakətinin başqa bir həsrətidir. Bu insanlar həsrətin şiddətindən barmaqlarını dişləyər və deyərlər: "Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək:
"Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım". "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım"". ("Furqan" 27-28).
4. Ey kaş, əməl dəftərimi almayaydım.
Bu insanların həsrəti o zaman öz pik nöqtəsinə çatar ki, əməl dəftərini əllərinə verərlər. Bu əməl dəftərində kiçikli-böyüklü bütün əməllər qeyd edilmişdir. "Və onlar deyərlər: "Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!"
Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir". ("Kəhf" 49). "Və hesabımın nə olduğunu bilməyəydim". ("Haqqə" 25).
5. Ey kaş, məsxərə edənlərdən olmayaydım.
Bu insanlar özlərini ədalət məhkəməsində müşahidə edən zaman başqa bir peşmançılıq bədənlərini bürüyər. Bu insanlar Allahın ayələrini məsxərə edənlərdən olduqları üçün böyük həsrət çəkərlər. "(Allah sizə öyüd verir) ki, məbada kimsə (Qiyamət günü) "əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə! Həqiqətən mən məsxərə edənlərdən idim" desin". ("Zumər" 56).
Xülasə, demək olar ki, bu 5 həsrət həyatda olanlar üçün böyük ibrət dərsidir. Bu ibrət dərsinin sayəsində öz keçmiş əməllərimizdən peşman olar və başıuca halda səadət dayanacağına çata bilərik.