Dil insanlıq ilə heyvanlıq (bioloji fərd olmaqlıq) arasına sərhəd qoyan bir üzvdür. O zaman ki, heyvanlıq öz son nöqtəsinə çatar, insanlıq üzə çıxar və dil öz işini görməyə başlayar. Dil ancaq danışmaq üçün deyildir, beyində və təfəkkürdə olanları başqalarına çatdırmaq üçün də xidmət göstərir.
Ona görə də məntiq əhli insana tərif verən zaman deyirlər: "O heyvan (bioloji fərd) ki, nitq və dilə malikdir".
İmam Baqir (ə) buyurur: "Həqiqətən bu dil - hər bir xeyrin və şərin açarıdır. Ona görə də mömin yaxşı olar ki, dilinə möhür vursun (bağlasın), necə ki, öz qızıl və gümüşünə möhür vurar".
Dil nələrə qadirdir?
1. Sülh etməyə və müharibə etməyə. Dil millətlər arasında danışıqlar apararaq, sülhü bərqərar edə bilər. Həmçinin başqalarının inancını təhqir edərək, millətlər arasında müharibənin yaranmasına səbəb ola bilər.
2. Vəhdət və təfriqə. Dil bütün cəmiyyəti və hətta bəşəri birləşdirib, ittihad halına sala bilər. Həmçinin təfriqə salaraq, insanları bir-birindən uzaqlaşdıra bilər.
3. Ümid və naümidlik. Dil insanı həyata qarşı ümidvar edə bilər. Həyatın gözəlliklərini bəyan edə bilər. Həmçinin dünyanın qara tərəflərini göstərib dilə gətirərək, insanı ümidsiz və pərişan edə bilər.
Dilin edə biləcəkləri sonsuzdur, saymaqla bitmir. Sadəcə hər kim özünü Allah bəndəsi hesab edirsə, gərək dilindən xeyir işlər üçün istifadə etsin, şər işlər üçün deyil.