Amerika Birləşmiş Ştatlarının Ohayo Universitetinin 2021-ci ilin iyulunda apardığı araşdırmaya görə, böyüklərin 15,2%-i səhər yeməyi yemir. Və bunun tamamilə boşuna edirlər.
"Herbalife Nutrition" şirkətinin qidalanma üzrə eksperti Emil Hidayətli ilə səhər yeməyinin gün ərzində niyə ən vacib qida qəbulu olduğunu göstərən 5 səbəbi bir araya gətirmişik.
1. Səhər yeməyi sağlam qidalanmaya kömək edir
Səhər yeməyi hər şeydən əvvəl qida rasionumuzun tarazlığıdır. Ona mütləq şəkildə iki böyük qrupa ayırdığımız bütün faydalı qidalandırıcı maddələr daxil edilməlidir: makroqidalandırıcılar (zülal, yağ və karbohidratlar) və mikroqidalandırıcılar yəni vitamin və minerallar. Orqanizmimizin gün ərzində normal işləməsi və müntəzəm, elə də sağlam olmayan qəlyanaltılardan yayınmağımız üçün mütəxəssislər günlük bütün qidaların enerji dəyərinin 25%-ə qədərini səhər yeməyinə "qatmağı" tövsiyə edir .
2. Səhər yeməyi orqanizmə enerji verir
Balanslaşdırılmış qidalanma nöqteyi-nəzərindən səhər yeməyi ən başlıca qida qəbulu sayılır, çünki gün ərzində makro və mikroqidalandırıcıların balansını saxlayan faydalı maddələri məhz səhər yeməyi ilə qəbul edirik. Səhər qidasına faydalı yağlar ("Omeqa 3" yağ turşuları), kompleks karbohidratlar (məsələn, saf buğda çörəyi), zülal məhsulları (məsələn, quş və ya dovşan əti) və lifləri (meyvə və tərəvəz) mütləq şəkildə daxil etmək lazımdır.
3. Səhər yeməyi qanda şəkərin səviyyəsini normallaşdırır
Yadda saxlamaq lazımdır ki, orqanizmimiz yuxuda "müntəzəm rejimdə" işləməyə davam edir. Hüceyrələri bərpa etmək üçün enerji sərf etməyə davam edirik, buna görə də səhərə yaxın qanda qlükozanın səviyyəsi aşağı düşür. Əgər hansısa səbəbdən səhər yeməyindən imtina etsək, günün birinci yarısı ərzində qanda şəkərin miqdarı aşağı olur ki, nəticədə enerji çatışmazlığı, həmçinin beyin fəaliyyəti və orqanizmimizin ümumi iş qabiliyyətində eniş müşahidə olunur.
4. Səhər yeməyi sağlam ürək fəaliyyətinə kömək edir
Qan-damar sistemi orqanizmi oksigenlə təchiz edir və onun düzgün işləməsini təmin etmək çox vacibdir. Bunun üçün qida rasionunuza "Omeqa 3" yağları, qiymətli yağ və zülalları daxil etməlisiniz. Bütün bu maddələr qan damarlarının divarlarını qorumağa kömək edir.
Yeri gəlmişkən, səhər yeməyi yeməyən insanlar kökəlməyə meylli olurlar.
5. Səhər yeməyi beynin fəaliyyətini stimullaşdırır
Siqnal zülalları adlandırılan zülallar (neyropeptidlər) hüceyrələrarası siqnallaşmanı təmin edir və mərkəzi sinir sistemi hüceyrələrimizin daxilindəki bir çox prosesləri tənzimləyir. Onların sağlam fəaliyyəti üçün "yanacaq" rolunu qlükoza oynayır. Qlükozadan başqa, mərkəzi sinir sistemimiz həm də yağ turşuları "istehlak" edir. Beləliklə, səhər yeməyində "Omeqa 3" çox doymamış yağ turşuları (məsələn, qoz, günəbaxan tumu və ya yağlı balıq) qəbul etmək çox vacibdir.