Qeydiyyat

Təhsilin YENİLİKLƏRİ - Ötən ilin yekunlarında

1 470
Təhsilin YENİLİKLƏRİ - Ötən ilin yekunlarında


2016-cı il bir çox sahələr kimi təhsil və elm sahəsində də çoxsaylı yeniliklərin tətbiqi ilə yadda qaldı.

2016-cı ilin yekunları əsasında hazırladığı məlumata görə, 2016-cı ildə ilk dəfə olaraq, bütün respublika üzrə 5 yaşlı uşaqlar ümumtəhsil məktəblərində dövlət hesabına məktəbə hazırlıq təhsilinə cəlb edilməyə başladılar. Bu tətbiq olunana qədər isə yalnız Bakıda 5 yaşlılar dövlət məktəblərində 2 il əvvəl icrasına başlanılan pilot layihə çərçivəsində məktəbə hazırlıq təhsilinə ödənişli əsaslarla cəlb edilirdilər.

***
Bu ilin ən üzdə olan yeniliklərindən və həm də tətbiqinə qədər ictimaiyyət tərəfindən xeyli müzakirəyə səbəb olan məsələlərindən biri orta məktəblərdə tədris ilinin müddətinin uzadılması ilə bağlı oldu. Dərs ilinin uzadılması təklifi qaldırılarkən bu, bir çoxları tərəfindən narazılıqla qarşılansa da, dərs ili ərzindəki tədris həftələrinin sayının artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılması barədə qərar verildi. Əsas səbəb kimi isə bu göstərildi ki, məktəblərdə dərs günlərinin sayının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradırdı, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu. Bütün bunlar təhsilalanların sağlamlığına mənfi təsir göstərirdi. Tədris həftəsinin müddətinin uzadılması isə şagirdlərin təlim yükünün azaldılmasına, onların proqram materiallarını səmərəli mənimsəməsi üçün əlverişli təhsil mühitinin yaradılmasına kömək edəcək.

Tədris həftələrinin sayının artırılmasının nəticəsi olaraq, 2016-cı ildə dərslər əvvəlki illərdə olduğu kimi, mayın 31-də deyil, iyunun 14-də başa çatdı.

***
Bu il ilk dəfə olaraq, IX sinfi bitirən məzunlara şəhadətnamə deyil, attestat verilməsi və eyni zamanda, məzunlara verilən attestatların fərqləndirilməsi barədə qərar verildi. Yeni redaksiyada təsdiq olunmuş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na görə, ümumi orta təhsili bitirənlərə adi və ya fərqlənmə, tam orta təhsil səviyyəsini bitirən məzunlara adi, fərqlənmə və ya xüsusi nümunəli attestatlar veriləcək. Artıq 2016-2017-ci tədris ilinin sonundan başlayaraq, IX və XI sinfi bitirən məktəb məzunlarına attestatlar yeni formada təqdim olunacaq. Azərbaycanda ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburi olacaq.

Qaydalara edilən digər dəyişikliyə əsasən, ümumi orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmayacaqlar.

***
Bu il ilk dəfə olaraq, 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi qaydası da dəyişdirildi. Artıq bu ilin məzunları bu tədris ilinin sonunda yeni qayda ilə imtahan verəcəklər. Bu qaydalara əsasən, buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçiriləcək.

Birinci mərhələdə şagirdlərə Azərbaycan (rus) dilindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək.

Birinci mərhələdə şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburi olacaq.

9-cu siniflər üçün buraxılış inmtahanlarının sayı dəyişdirilməsə də, gələn il xarici dilin üçüncü imtahan fənni kimi əlavə olunacağı gözlənilir.

***
Bu ilin struktur dəyişiklikləri baxımından ən önəmli qərarlarından biri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) bazasında Dövlət İmtahan Mərkəzinin (DİM) yaradılması oldu. TQDK və DQMK-dan fərqli olaraq, DİM publik hüquqi şəxs olduğundan ona Prezident fərmanı ilə həvalə olunmuş vəzifələrin həyata keçirilməsi məqsədilə 2017-ci il üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, yalnız IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq (Bir necə gün əvvəl təsdiqlənən "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları"na əsasən, buraxılış imtahanlarının dövlət büdcəsi hesabına keçiriləcəyi məsələsi öz əksini tapıb), digər növ imtahanları isə DİM maliyyələşdirməyəcək, yəni bu imtahanların xərclərini iştirakçılar özləri ödəyəcəklər.

***

Bu il yeni ali məktəblərin yaradılması ilə də yadda qaldı. Avropa keyfiyyətli ali təhsili ölkəmizdə aparmağa imkan verən Azərbaycan-Fransız Universitetinin (UFAZ) ilk məzunları Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə təhsil alırlar. UFAZ-nin məzunları ikili diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.

Bu il həm də mühəndis texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin tabeliyində Bakı Mühəndislik Universitetinin yaradılması barədə sərəncam imzalanıb.

Bu il edilən dəyişikliklərə görə, artıq Azərbaycanda ali təhsilin bütün səviyyələri və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. İndiyədək isə bu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (rezidentura səviyyəsində TQDK Səhiyyə Nazirliyi ilə razılaşdırma aparırdı) həyata keçirilirdi.

Bu il peşə təhsili sahəsində də mühüm addımlar atılaraq, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb, Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsi rasionallaşdırılıb.

****

Azərbayanda bu ildən Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Kredit Fondu tərəfindən təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsinə də başlanılıb.

2016-cı ildə uzun illərdən bəri qəbulu gözlənilən "Elm haqqında" qanun layihəsi Millli Məclis tərəfindən qəbul edildi və Prezident İlham Əliyev tərəfindən təsdiqləndi.

Bu il dəfələrlə müzakirəyə çıxarılan, lakin hər dəfə qəbul edilməyən digər məsələ - magistratura və doktoranturaya qəbul olanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi də öz həllini tapdı. Hesab edilir ki, bu, son 20 ildə doktoranturaya qəbulda müşahidə edilən tendensiyanı dəyişəcək, yəni doktoranturaya qəbulda oğlanların sayının azalması halını aradan qaldıracaq.

***

Bu il müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi ilə əlaqədar aparılan dəyişikliklərə əsasən, onların ərizələrində qeyd etdikləri vakant yerlərin seçim sayı 8-dən 4-ə endirilib. Əvvəlki illərdə vakant yerlər elektron ərizə doldurularkən seçilirdisə, bu il bu proses test imtahanından sonra mümkün olub. Bu ilki dəyişikliyə görə, vakant yeri tutan namizədlər həmin yerdən imtina edərlərsə, müsabiqənin növbəti yerləşdirilməsində iştirak edə bilməzlər.

Bu il Azərbaycanın 26 şəhər və rayonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirilməsi ilə əmək haqqı artırılan müəllimlərin sayı 100 min nəfərə çatdırılıb. Bu, 2017-ci ildə (bu il qiymətləndirmədən keçirilən müəllimlərin əmək haqları 2017-ci ilin yanvarından yeni sistemlə hesablanacaq) ölkə üzrə hər 3 müəllimdən birinin əmək haqqının artımla ödənilməsi deməkdir.
Bolme: Xeberler
Taglar: Samir
Fikirler (1)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Samir
Samir 2 yanvar 2017 13:44 Cavab Ver
kefimiz varda
Oxsar Xeberler: